Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Qərbi Azərbaycanda naxış və simvolların motivi türk inancına söykənir" adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru Türkan Abbaslı türk inanclarından söz açıb.
O, türklərin mifoloji aləminə təsir edən dinlər, türk inancında göy, yer, su ruhlarından danışıb.
Onun sözlərinə görə, sufizm türk şamanizmindən yaranıb: "Qərbi Azərbaycandakı mədəni irs türk simvollarının əsasında yaranıb. Oradakı naxış və simvolların motivi türk inancına söykənir. Qərbi Azərbaycandakı artefaktlar onu yaradanların etnik kimliyini sübut edir. Bu coğrafiyada şifahi və tətbiqi sənətfə türk mahiyyəti qorunurdu".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.