"Football-plus.az" bəyanatı diqqətinizə çatdırır:
"Dəyərli “İmişli” azarkeşləri! Son zamanlar internet resurslarında "İmişli"yə qarşı əsassız ictimai rəy formalaşdırılmağa çalışılır. Bu məqsədli şəkildə aparılmaqla yanaşı klubumuzun heç bir dəyərini, vizyonunu və missiyasını əhatə etmir. Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını oynadığı Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədi. Bu stadionda bizim klubdan başqa 3 klub 2-ci liqa və Region Liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdilər. Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər edib, lakin çox təəssüflər olsun ki, bu müraciətlər öz müsbət həllini tapmayıb. Bu mövsüm Klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burda müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirib. Dünya standartlarına əsasən bir təbii ot örtüyü üzərində həftə ərzində ən çox bir oyun keçirilə bilər ki, hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil. Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması üçün müzakirələr təşkil olunub və məsələnin müsbət həlli istiqamətində dəstək alınıb. Əminik ki, qısa zamanda Ulu Öndər Heydər Əliyev adına İmişli şəhər stadionu "İmişli"nin mülkiyyətinə keçiriləcək və biz UEFA kateqoriyası üzrə 3 meydança üçün renovasiya işlərinə başlaya biləcəyik. Bu gün "İmişli"nin uğurlarına sevinə bilməyənlər, uzun illər müxtəlif səviyyələrdə Bakıda oynayan və oynamaqda davam edən onlarla digər bölgə klubları haqqında sussalar da əmin ola bilərlər ki, böyük futbol İmişlidə "İmişli" sayəsində gözəl və baxımlı olacaq. Biz buna inanırıq! Biz birlikdə güclüyük!"