AZ

“Yaxşı gələcəyə doğru getməyə çalışacağıq” – Samir Abasov 

“Neftçi” Misli Premyer Liqasının 34-cü turunda səfərdə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Heç bir hədəfi olmayan komandanı oyunlara kökləmək çətin deyil?

– Əlbəttə çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq oldun. “Neftçi”nin adı hər şeydən üstündür.

– Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz?

– Planlar cızırıq. “Neftçi” azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki. Oyunumuzla hər şeyi göstərməliyik.

– Əgər mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunsaydız, sizcə, vəziyyət fərqli ola bilərdi?

– Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq.

– Bu gün meydana 3 hücumçu buraxmışdız. Onların oyunu haqqında nə deyə bilərsiniz?

– Məcburiyyətdən deyildi. Hündürboylu oyunçuları meydanda saxlamaq istəyirdik. Rəqibin oyun üslubu hamıya bəllidir. Hücumçularımız çox yaxşı oynadılar. Rəqibin müdafiəsinə təzyiq göstərdilər.

– Aleks sanki komandaya uyğunlaşa bilmir. Bunun səbəbi nədir?

– Biz gətirdiyimiz oyunçudan dərhal nəsə istəyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun kimi futbolçulara səbrlə yanaşmalıyıq. Keyfiyyəti, ustalığı bəllidir. Məncə, düzələcək.

– Belə iddialar var ki, “Neftçi”də yeni mövsüm üçün seleksiya üzrə məşqçilər qrupu yaradılacaq. Bu, sizin işinizi nə dərəcədə asanlaşdıracaq?

– Çox asanlaşdıracaq. Ciddi addımlar atmalıyıq. Bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şəraiti yaradır.

Seçilən
0
5
idmanxeber.az

8Mənbələr