AZ

Rəşad Sadıqov: “Demək ki, ən uğurlu “Zirə” budur”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Səbail”in Premyer Liqadan düşməsi ilə bağlı məyusluğumu bildirmək istəyirəm. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar “Səbail” var idi. Bəzi oyunlarda çoxlu fürsətləri qaçırdılar. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər, “Qəbələ” kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönərlər. Neçə illərdir futbolumuza rəng qatırdılar.

Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək asan deyildi. Ötən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bu, bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu, top itkilərinə yol verdik. Futbolçular intizamlı idilər”.

Rəşad Sadıqov futbolda bəzi təhlillərlə razı deyil

Rəşad Sadıqov komandasının cari mövsümdə 70 xal yığmasına da münasibət bildirib:

“Ötən il də uğurlu nəticə əldə etmişdik. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Ötən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir. Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır.

Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. “Sumqayıt”la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Keçən il demişdim ki, düzələcək. İki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk.

Hər dönəmin özünə görə uğurlu “Zirə”si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, bir mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o futbolçuların “Zirə”yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu “Zirə” budur. Hər dönəmin öz “Zirə”si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcəklər. Bu mövsümdə də uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda oldular. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik”.

Rəşad Sadıqov süni örtüklü meydanlara qarşı

Rəşad Sadıqov Premyer Liqa klublarının süni örtüklü meydanlarda oynamasına da etirazını bildirib:

“Bu, aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bu, bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün meydanların yaxşı olması şərtdir. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanalar azalmalıdır. “Kəpəz”in meydançası var, “Turan Tovuz” təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur.

Usta futbolçular süni örtüklü meydançada ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Lavalın ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. “Turan Tovuz”da Denis Marandiçin zədəsi… Növbəti dəfə qorxa-qorxa oynayırlar. Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq”.

Rəşad Sadıqov komandasının çatışmayan cəhətləri ilə bağlı sualı isə belə cavablandırıb:

“Qələbə qazananda da hansı dəqiqədə nəyi düzgün etmədiyimizi analiz edirik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlıdır. Komanda mübarizə aparırdı, amma mental hazırlıqda eniş var idi. O mərhələni keçdik. Amma onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. İkinci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq”.

“Tyaqo Silvanın psixoloji durumunda eniş var”

Rəşad Sadıqov son dövrlərdə oynamayan Tyaqo Silvanın durumuna da aydınlıq gətirib:

“Tyaqonun psixoloji durumunda eniş var. Onunla təklikdə görüşlərimiz çox olub. Hər zaman demişik ki, “1 nömrəli” qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. 30 uğurlu oyun keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada qapıda dayanırsan. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır, ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq”, deyə Rəşad Sadıqov futbolçularına da mesajını çatdırıb.

Elvin Məmmədov: “Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik”

“Səbail”in baş məşqçisi Elvin Məmmədov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik, amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi. Rəhbərliyə mənə şans verdiyinə görə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın? Biz də mental cəhətdən dəyişməliyik. O qədər gənc məşqçilər var. Niyə də olmasın? Futbolda eniş də var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Çox yaxşı şeylər də oldu. Səhvlərim də var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var.

Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Yaxşı şeylər də var idi. Rəhbərliyimiz mənə güvənib. Hər bir klub belə etsə, nə gözəl. O qədər örnəklər var ki. Gələcəyi fikirləşməliyik. Mən özüm haqda böyük-böyük danışmaq istəmirəm. Zaman keçib. Bəlkə mən olsaydım, bundan da betər olardı. Ya da daha yaxşı şeylər olardı”.

Seçilən
0
8
arena.az

9Mənbələr