“Azərbaycanda avtoxuliqanlıq halları ilə bağlı inzibati tədbirlər və cəzalar hüquqi çərçivədə müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, avtoxuliqanlıq sürücünün ictimai asayişi və əhalinin dincliyini kobud şəkildə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının heçə sayılması ilə müşayiət olunan qərəzli hərəkətləri kimi qiymətləndirilir”.
NOCOMMENT.az bildirir ki, bu fikirləri hüquqşünas Tural Həsənli KONKRET.az-a açıqlamasında səsləndirib.
“Qanunvericiliyə görə, aşağıdakı hallar avtoxuliqanlıq hesab olunur: İki və ya daha çox avtomobilin iştirakı ilə sürət yarışlarının təşkili; Avtomobilin bir və ya bir neçə təkərinin yer səthindən qaldırılaraq idarə edilməsi; Qəfil sürətlənmə nəticəsində təkərlərin yol səthinə sürtünməsi ilə səs-küy yaradılması və izlərin qalması”.
Vəkil qeyd edir ki, bu cür iz və səslər qəza vəziyyətindən yayınmaq məqsədilə yaranıbsa, həmin hal avtoxuliqanlıq kimi dəyərləndirilmir:
“Avtoxuliqanlıq əməlləri aşkarlandıqda yol polisi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur. Əgər sürücü polis əməkdaşının qanuni tələbinə tabe olmursa, müqavimət göstərirsə və ya itaətsizlik edirsə, bu zaman onun tutulması və avtomobilin cərimə meydançasına aparılması mümkündür. Lakin nəqliyyat vasitəsini idarə edə biləcək başqa bir şəxs varsa, avtomobilin saxlanması zəruri sayılmır”.
Ekspert vurğulayır ki, qanunvericilik bu cür hallara görə aşağıdakı cəzaları nəzərdə tutur:
“İlk dəfə törədildikdə, 1000 manatdan 1500 manatadək cərimə, və ya 1 ildən 2 ilədək sürücülük hüququnun məhdudlaşdırılması, zəruri hallarda isə 15 sutkayadək inzibati həbs verilə bilər. Təkrar və ya ictimai təhlükə doğuran hallarda isə 2000 manata qədər cərimə, 2 ildən 3 ilədək sürücülük hüququnun məhdudlaşdırılması və ya 30 sutkayadək inzibati həbs mümkündür. Hansı cəzanın tətbiq olunması isə konkret halın ağırlığına və sürücünün əvvəlki davranışına əsasən müəyyən edilir. Avtoxuliqanlığa qarşı bu sərt tədbirlər ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır”.