AZ

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə arasında artan iqtisadi gərginliyi azaltmaq məqsədi daşıyır.

 

Sfera.az xəbər verir ki, Çin Dövlət Televiziyasının məlumatına görə, yüksək səviyyəli iqtisadi və ticarət danışıqları Cenevrədə yerli saatla 10:00-da başlayıb. Görüşdə ABŞ-li maliyyə naziri Skott Bessent, Çin tərəfini isə baş nazirin müavini He Lifeng təmsil edib. Danışıqlar şəhərdən kənarda, məxfi saxlanılan bir məkanda baş tutub.

 

Bessent açıqlamasında, əsas məqsədlərinin böyük bir ticarət razılaşması deyil, gərginliyin azaldılması olduğunu bildirib. ABŞ qarşılıqlı qərarlar nəticəsində Çin məhsullarına 145 %-lik əlavə gömrük rüsumu tətbiq etmişdi. ABŞ prezidenti Donald Tramp isə bu tarifləri 80 %-ə endirə biləcəyi siqnalını vermişdi.

 

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Bill Reinsch, iki ölkə arasındakı münasibətlərin hazırda yaxşı olmadığını və hər iki tərəfin ticarəti zədələyən qərarlar verdiyini deyib. O bildirib ki, münasibətlər getdikcə daha da pisləşir.

 

Çin Avropa Beynəlxalq Biznes Məktəbinin maliyyə üzrə professoru Xu Bin isə danışıqların başlanmasını əhəmiyyətli addım kimi dəyərləndirib. Onun sözlərinə görə, Çin Trampın sərt gömrük siyasətinə qarşı ən sərt cavab verən ölkə olub.

 

Dünya Ticarət Təşkilatının baş direktoru Ngozi Okonjo İveala isə görüşü alqışlayaraq, onu “gərginliyin azaldılmasına yönəlmiş müsbət və konstruktiv addım” kimi qiymətləndirib.

 

Bu görüş, ABŞ və Çin arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirəcək önəmli bir diplomatik addım kimi qiymətləndirilir.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr