AZ

Lula da Silva: Avropanın silahlanma tempi dəlilikdir- ÖZƏL

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Avropada və onun müttəfiqləri - xüsusilə Yaponiya və Böyük Britaniyada silahlanma prosesinin sürətlənməsini "dəlilik" adlandırıb. Olaylar.az xəbər verir ki, o,  bu barədə Rusiya səfərindən və Moskvada keçirilən Qələbə Günü tədbirlərində iştirakından sonra jurnalistlərə açıqlama verib.
"Bir anlıq düşünün - Avropa yenidən silahlanır, bu tamamilə dəli bir vəziyyətdir. İngiltərə yenidən silahlanır. Yaponiya yenidən hərbi relslərə qayıdır", - deyə Braziliya lideri bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibənin davam etməsinə dəstək vermək də eyni dərəcədə ağılsızlıqdır. "Braziliya bu dəli müharibənin təşviq olunmasını tamamilə məntiqsiz sayır", - deyə o vurğulayıb.
Lula da Silva əlavə edib ki, təhsil, səhiyyə və aclıqla mübarizə kimi sahələrə yönəldilə biləcək trilyonlarla dolların silahlanmaya sərf olunması, insanlıq üçün böyük itki deməkdir.
Prezident, həmçinin bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsi 6-7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİKS sammitində əsas müzakirə mövzularından biri olacaq. Sammitə qədər o, Çin və Fransa rəhbərləri ilə bu məsələni müzakirə etməyi planlaşdırır.
"Bu məsələdə Braziliyanı maraqlandıran yeganə şey - dünyada münasibətlərin bir an öncə normallaşmasıdır", - deyə Lula da Silva qeyd edib. O, BMT və digər beynəlxalq platformalarda da yalnız həqiqətən sülhə nail olmaq istəyən tərəflərlə dialoqu davam etdirəcəklərini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr