“Komo”nun baş məşqçisi Sesk Fabreqas futbol üzrə İtaliya A Seriyasında aprel ayının ən yaxşı məşqçisi elan edilib.
Arena.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Komolular apreldə 38 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya çempionatında 4 oyun keçiriblər və hamısından qalib ayrılıblar. Belə ki, “Komo” səfərdə “Montsa” (3:1) və “Leççe”ni (3:0), evdə isə “Torino” (1:0) və “Cenoa”nı (1:0) məğlub edib.
35 turdan sonra “Komo” 45 xalla A Seriyasında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, hazırda Sesk Fabreqas ən perspektivli mütəxəssislərdən sayılır. Futbol ölçüləri ilə gənc hesab edilə biləcək 38 yaşlı ispan mütəxəssis “Komo”nun futbol layihəsinin əsas təməlidir.
Sesk Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. İspan məşqçi, əslində 2023-cü ildən “Komo”nu çalışdırırdı. Sadəcə, onun gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldırmış ispan mütəxəssis “Komo”nun baş məşqçisidir. İspan mütəxəssisin italyan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Sesk Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir.
Rəsmi fəaliyyəti dövründə Sesk Fabreqas “Komo”nu 41 oyuna çıxarıb, 15 qələbə, 10 heç-heçə, 16 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 54:57 nisbətindədir.
Sesk Fabreqas ilk dəfədir A Seriyasında ayın ən yaxşısı seçilir. 2024/2025 mövsümünün əvvəlki aylarında ən yaxşı seçilmiş məşqçilərin siyahısı belədir:
Avqust 2024 – Paolo Vanoli Daversa (“Torino”)
Sentyabr 2024 – Antonio Konte (“Napoli”)
Oktyabr 2024 – Marko Baroni (“Latsio”)
Noyabr 2024 – Can Pyero Qasperini (“Atalanta”)
Dekabr 2024 – Simone İnzaqi (“İnter”)
Yanvar 2025 – Antonio Konte (“Napoli”)
Fevral 2025 – Klaudio Ranyeri (“Roma”)
Mart 2025 – Vinçentso İtalyano (“Bolonya”)