AZ

Holann ''Siti''nin bu mövsümkü problemini açıqladı

''Mançester Siti''nin ulduz forvardı Erlinq Holann komandasının bu mövsümkü zəif performansının səbəbləri barədə açıqlama verib.

"Football-plus az" xəbər verir ki, adətən Xosep Qvardiolanın çalışdırdığı klublar sona qədər çempionluq mübarizəsi aparırdılar. Amma bu mövsüm noyabrdan etibarən ciddi eniş yaşamağa başlayan ''Siti'' faktiki olaraq artıq ikinci dövrənin əvvəllərində çempionluq mübarizəsindən çəkilmişdi.

Premyer-liqada bilindiyi kimi artıq çempion ''Liverpul''du. Çempionlar Liqasında isə ''Siti'' pley-offda ''Real''a uduzaraq mübarizəni dayandırmalı olmuşdu. Holannın fikrincə, bu enişin əsas səbəbi zədələr yox, futbolçularda qələbəyə olan aclıq hissinin azalmasıdı:
''Təbii ki, zədələrimiz də oldu və istəsək bu məqamı da əsas səbəb kimi göstərmək olar. Məsələn, Rodri kimi aparıcı futbolçu uzun müddət və ən vacib oyunlarda bizə kömək edə bilmədi. Amma reallıq budu ki, biz özümüz də yetərli qədər performans göstərə bilmədik. İçimizdə qələbələrə olan aclıq hiss sanki itmişdi. Elə mən özüm də yaxşı oynaya, komandaya yetərincə yardım edə bilmədim. Zədə bir futbolçunun başına gələ biləcək ən qorxunc hadisədi. Amma nə etmək olar? Bundan heç kim sığortalanamayıb. Bacardığım ən qısa müddətdə dönməyə çalışdım. Artıq özümü yaxşı hiss edirəm və enerjim də yüksəkdi. Yenidən oynamağa hazıram''.

Bu mövsüm 40 rəsmi oyuna 30 qol vuran və martın sonlarından bu yana zədəli olan 24 yaşlı futbolçunun bu həftəsonu ''Sauthempton'' ilə oyunda meydana çıxacağı gözlənilir.
Seçilən
0
football-plus.az

1Mənbələr