Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 33-cü turu çərçivəsində baş tutmuş “Köln”lə matçın iştirakçısı olub.
Nürnberqlilər doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:2.
Mahir bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib. Azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.
“Nürnberq” 33 oyuna topladığı 45 xalla hazırda 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 13 qələbə qazandığı halda 6 heç-heçə edib, 14 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını mayın 18-də səfərdə “Braunşveyq”ə qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 24 rəsmi matça çıxıb, 8 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.