AZ

Almaniya Kanslerinin Brüsselə səfərində Avropada daxili bazarın gücləndirilməsi diqqət mərkəzində olub

Berlin, 9 may, AZƏRTAC

Almaniyanın yeni Kansleri Fridrix Merts 9 May – Avropa Günü münasibətilə Brüsselə səfər edib, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə ilk rəsmi görüşlərini keçirib.

AZƏRTAC Almaniya Kanslerinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, A.Koşta ilə görüşdə Avropada daxili bazarın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu bazarın 30 ildən artıq müddətdə rifah və siyasət üçün mühüm rol oynadığını qeyd edən F.Merts Almaniya hökuməti üçün kapital bazarlarının inteqrasiyasının da mühüm sahələrdən olduğunu bildirib. O, bunun yalnız bütün Aİ daxilində ortaq səylərlə mümkün ola biləcəyini diqqətə çatdırıb.

F.Merts və U.Lyayenin görüşündə isə Avropa sənayesinin rəqabət qabiliyyətinin artırılması istiqamətində hüquqi və iqtisadi çərçivələrin yaradılması barədə razılıq əldə olunub. Miqrasiya məsələsində də üzv ölkələr arasında koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdıran Kansler ölkəsinin sərhəd nəzarətini gücləndirəcəyini və geriqaytarmaları davam etdirəcəyini vurğulayaraq, bunun Avropa hüququna tam uyğun olduğunu deyib.

Almaniya Kanslerinin Avropa Parlamentinin Prezidenti ilə görüşündə Avropa institutları arasında sıx əməkdaşlığa dair müzakirələr aparılıb. Kansler Avropanın gələcəklə bağlı planlarının reallaşdırılmasında uğura nail olmaq üçün Şura, Komissiya və Parlament arasında konstruktiv əməkdaşlığın zəruriliyini qeyd edib. Bu kontekstdə Ukraynaya birgə dəstəyin əsas vəzifə olduğunu qeyd edən F.Merts mümkün atəşkəsin də Avropa ailəsinin beynəlxalq səyləri nəticəsində aş tuta biləcəyini deyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
0
1
azertag.az

2Mənbələr