Bu gün Almaniya 2-ci Bundesliqasında XXXIII tura start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" doğma azarkeşlər önündə çempionluğa iddialı "Köln"lə qüvvəsini sınayıb.
Bu oyun hazırda 10-cu pillədə qərarlaşan "Nürnberq" üçün formal xarakter daşıyırdı. Miroslav Klozenin yetirmələri ötən turdakı məğlubiyyətdən sonra Bundesliqaya yüksəlmək şansını tamamilə itirmişdilər.
Məhz bu uğursuzluğun ardınca Mahirin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib.
Buna baxmayaraq, 27 yaşlı hücumçunun bu gün start heyətdə yer alıb. Lakin həmvətənimiz fasilədə əvəzlənib.
Qarşılaşmada əsas hadisələrə isə ikinci hissədə yaşanıb. "Nürnberq" hesabı açsa da, "Köln" əzmkar qələbə sayəsində turnir cədvəlinin zirvəsinə yüksəlib.
Almaniya 2-ci Bundesliqası, XXXIII tur
"Nürnberq" - "Köln" 1:2
Yanis Antiste, 46 - Florian Kayntz, 67; 90