AZ

Füzuli Məmmədov: “O zərbə qolla nəticələnsəydi…”

“Mingəçevir”in baş məşqçisi Füzülu Məmmədov Birinci Liqanın 25-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, Mingəçevirin eyniadlı təmsilçisi bu turda Premyer Liqaya vəsiqəni təmin etmiş “İmişli”ni qəbul edib və 0:0 hesablı heç-heçə sayəsində xal hesabını 29 çatdırıb.

Bununla da “Mingəçevir”in cari mövsümün son 2 turunun nəticəsindən asılı olmayaraq, liqada qalacağı dəqiqləşib. Qışda baş məşqçi təyin edilmiş Füzuli Məmmədovun rəhbərliyi altında səfərdə iddialı rəqibini 1:0 hesabı ilə yenmiş “şəhərlilər” sona yaxın dirəyi nişan alaraq azarkeşlərinə həyəcanlı anlar yaşadıblar.

Füzuli Məmmədov qolsuz bitən matçın ardından fikirlərini Arena.az-a bölüşüb:

“Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz qədər gərgin qarşılaşma izlədik. Havanın çox isti olması hər iki komandaya əlavə çətinlik yaratdı.

“İmişli” Premyer Liqaya vəsiqəni təmin etmiş komandadır. Güclü heyətləri var. Bizə qarşı mübarizə aparan futbolçuların 60-70 faizi gələn mövsüm elitada oynayacaqlar. Buna baxmayaraq, məqsədimiz oyundan öncə də dediyim kimi, qələbə idi. “İmişli”ni səfərdə məğlub edə (1:0) bilmişdik. Onlara qarşı oyunumuz maraqlı və çox gərgin alınmışdı. Komandamın yaxşı formada olması ikinci görüşdə də qələbə barədə düşünməyə əsas verirdi.

Matça taktiki planda yaxşı hazırlaşmışdıq. Həftə ərzində rəqibin güclü və zəif cəhətlərini müəyyənləşdirmişdik.

Qarşılaşma ərzində rəqibi adətən taktiki cəhətdən üstələməyə çalışırdıq və əksər hallarda buna nail olurduq. Düzdür, “İmişli”nin qol epizodları da oldu. Onların futbolçuları fərdi keyfiyyətləri hesabına bir neçə epizodda bizə çətin anlar yaşatdılar. İlk hissədə bizim də qol imkanımız oldu. Onların epizodunda qapıçımız uğurlu çıxışla diqqət çəkdisə, Gülağanın uzaq küncə endirdiyi zərbədə də bir qədər dəqiqlik çatmadı.

İkinci hissədə də hər iki tərəfin fərqlənmək imkanları var idi. Rəqibin qol vurmasını müdafiəçimiz Vüqar Həsənovun kritik müdaxiləsi əngəllədi. Sona yaxın isə qapı dirəyi onları qoldan xilas etdi. O zərbə qola çevrilsəydi, “İmişli”ni öz meydanımızda da məğlub edəcəkdik. İstənilən halda, 1 xal da bizim üçün çox dəyərlidir. Bu xal sayəsində liqada qalacağımız dəqiqləşdi.

Komandama və bizi 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm”.

Seçilən
0
1
arena.az

2Mənbələr