Bu il də ənənəvi olaraq jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının keçiriləcəyi gözlənilir. İmtahanda ixtisasa maraq göstərən namizədlərin yazı qabiliyyəti və təhlil bacarığı yoxlanılır.
Lakin illərdir davam edən bu proses cəmiyyətdə və təhsil ictimaiyyətində birmənalı qarşılanmır. Bəzi mütəxəssislər hesab edir ki, qabiliyyət imtahanı obyektiv deyil və gələcək jurnalistlərin seçimində əsas göstərici olmamalıdır.
Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı olmamalıdır
NOCOMMENT.az xəbər verir ki, modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bu mövzu ilə bağlı mövqeyi hər zaman eyni olub.
“Jurnalistika fakültəsinə qəbul olan zaman qabiliyyət imtahanı olmamalıdır. Necə ki, Tibb Universitetinə, Mühəndislik fakültəsinə daxil olanlardan bu tələb olunmur. Jurnalistika imla, inşa, esse yazmaq, dəlalətli cümlələr qurmaq deyil. Bu publisistikaya, ədəbiyyata, ədəbi yaradıcılığa aid olan məsələdir. Jurnalistika sosial sahədir, onun əsas missiyası cəmiyyəti doğru, dürüst məlumatlandırmaq, dəqiq və vicdanlı xəbər verməkdir. Tələbə də oxuduğu müddətdə bunları öyrənir və istedadı olanlar bu keyfiyyətə yiyələnirlər. İndi həm Dövlət İmtahan Mərkəzi, həm də abituriyentlər üçün belə bir qaydanın müəyyən olunması özünü doğrultmur”.
Abituriyentlər bu imtahandan qorxurlar
Onun sözlərinə görə, qabiliyyət imtahanı çox yaxşı niyyətlə irəli sürülsə də hadisələrin gedişatı göstərdi ki, bir çoxlarına psixoloji cəhətdən mənfi təsir edir:
“Abituriyentlər bu imtahandan qorxduqları üçün bir çox istedadı olanlar sənədlərini buraya vermirlər. Bu zaman həm ballar aşağı düşür, həm də əvvəlki dövrdə qəbul olanlarla qabiliyyət imtahanı verənlər arasında heç bir fərq olmur. Hətta əvvəlki dövrdə gələnlər daha çox jurnalistikanın cazibəsini hiss edirdi və daha ürəkdən peşəyə bağlanan tələbələr görürdük. Qabiliyyət imtahanının xüsusi bir üstünlüyü yoxdur. İndi də tələbə gəlir, baxırsan ki, ruhdan düşmüş vəziyyətdədir, sahənin problemlərini düzgün təsəvvür etmir. Ona görə də hesab edirəm ki, heç bir qabiliyyət imtahanı olmamalıdır. İimtahanı mürəkkəbləşdirək, mərhələ sayını artıraq, yazı yazdıraq, bunların heç bir effekti yoxdur. Mən ali məktəbdə jurnalistikadan dərs deyən adam kimi bunların heç bir effektini görmürəm”.