“Neftçi” Futbol Klubu MMC 2024-cü il üçün maliyyə hesabatını açıqlayıb, klub ötən ili 120 min manat zərərlə başa vurub.
Arena.az bu barədə klubun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Neftçi Futbol Klubu” əvvəlki illə müqayisədə 41 % çox – 28,25 milyon manat gəlir əldə edib. Bunun 3,385 milyon manatı sponsorlardan daxilolmalardan (5 dəfə az), 99 min manatı bilet satışından (24,4 % az), 22,456 milyon manatı sair gəlirlərindən (43,1 dəfə çox), 2,31 milyon manatı Futbolun İnkişafı Fondundan daxilolmalardan (9,9 % az) əldə olunub.
Ötən il ərzində klubun xərcləri 19,9 % artaraq 28,195 milyon manat təşkil edib. Bunun 20,264 milyon manatı əməkhaqqı və mükafat xərclərinə (26,9 % çox), 403 min manatı əsas vəsaitlərin amortizasiyasına (8,3 % çox), 968 min manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (1 164,9 dəfə çox), 85 min manatı agentlərə (vasitəçilərə) ödənilmiş məbləğlərə (3,8 dəfə az), 81 min manatı qadın futboluna çəkilən xərclərə (40 % çox), 6,394 milyon manatı sair xərclərə (5,9 % az) yönəldilib. Bundan əlavə klubun maliyyə xərcləri 4,4 dəfə artaraq 176 min manata çatıb, bu isə 2024-cü ili zərərlə başa vurmağına səbəb olub. Amma bu, 2023-cü illə müqayisədə 29,3 dəfə azdır.
Bu il yanvarın 1-nə “Neftçi Futbol Klubu”nun aktivləri 18,818 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Hesabat dövründə klubun öhdəlikləri 86,3 % artaraq 11,243 milyon manata, balans kapitalı isə 1,6 % azalaraq 7,575 milyon manata düşüb.
Xatırladaq ki, 1937-ci ildə “Neftyanik” futbol klubu yaradılıb. 1968-ci ildə isə bu klubun adı rəsmi olaraq dəyişdirilərək “Neftçi” olub.