AZ

Parisdən Bakıya növbəti sayğısızlıq

Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Minval.az məlumat yayıb.

Mayın 8-də Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər planlaşdırılır. Təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycan səfiri Leyla Abdullayevaya dəvət göndərilməyib.

Aydındır ki, Makronun komandası hər cəhətdən ucuz siyasi hərəkətlərə əl atır ki, bu da hökumətdə heç bir mənəvi dəyər və etik normaların olmadığını nümayiş etdirir. Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə haqqında çox danışmaq olar. Yalnız ən məlum rəqəmlərlə kifayətlənək: Almaniyaya qarşı döyüş əməliyyatlarında 600 min vətəndaşımız iştirak edib. Onlardan 300 mini həlak olub. Azərbaycan hər onuncu vətəndaşını itirib. Ekspertlər Azərbaycan neftinin və logistikasının unikal rolunu təsdiq edirlər.

Ən əsası isə Fransız Müqavimət Hərəkatında Azərbaycan vətəndaşlarının iştirakı faktı var. Əvvəla, bu Əhmədiyyə Cəbrayılovdur. O, Fransanın ən yüksək ordeni ilə təltif edilib. Bundan əlavə, Fransa rəhbərliyi ona Hərbi Xaç, “Döyüş Şücaəti” Xaçı, “Fransız Müqavimət Hərəkatı” medalı, “Cəsarət” medalı verib. Həm də Əhmədiyyə Cəbrayılov Fransa naminə vuruşan yeganə soydaşımız olmayıb. Lakin görünür, Makron hökuməti bütün bunları gözardı etməyi özünə sığışdırmağı bacarır.

Ümumiyyətlə, Əhmədiyyə Cəbrayılov Fransada döyüşən yeganə azərbaycanlı deyil. Məsələn, Rodez şəhərindəki hərbi əsir düşərgəsində saxlanılan azərbaycanlılar Mirzəxan Məmmədovun rəhbərliyi ilə ilk sovet partizan dəstəsini formalaşdırmışdılar. Onlar düşərgədən qaçaraq Fransanın “sovet patriotları” hərəkatına qoşulub, Alp dağlarında vuruşublar. İdris Qasımov “Aret-Sol” batalyonunda xidmət edib, Lion, Dijon, Rodez və digər bölgələrin azad olunmasında iştirak edib. Fransız Müqavimət Hərəkatında döyüşən digər azərbaycanlılar arasında bunların adları çəkilir: Nurş İmamqulu oğlu Mehtiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Hüseynrza Məmmədov, Təvəkkül Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xələddin Hacımuradov, Eyub Məmmədov, Knyaz Əbdürrəhimov, Məmmədtağı Mursəlov və başqaları. Onlar Fransanın Nim, Ales və digər şəhərlərinin azad edilməsində iştirak etmiş, Fransa tərəfindən orden və medallarla təltif olunublar.

Əslində Parisdə nəyin bayramının keçirildiyinin özü belə sual doğurur. İkinci Dünya müharibəsi başlayandan neçə gün sonra Fransa ağ bayraq qaldırdı. Fransanın Almaniyaya müqaviməti 43 gün davam etdi, Paris isə bir güllə belə atmadan təslim edildi.

Qabil

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli xatırladır ki, İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət Hərəkatına rəhbərlik etmiş Şarl de Qoll Əhmədiyyə Cəbrayılov üçün Azərbaycana gəlmişdi: “Makron administrasiyası o dərəcədə dəyərsizdir ki, bu faktdan bəlkə də məlumatsızdır. Həqiqətən də Avropa siyasətində çəkili, sözünün ağası olan, sanballı siyasətçilərin defisiti yaranıb. Ona görə də bu zehniyyətə malik adamların Yelisey sarayında oturması tragikomediyadır. Bu, nəhəng Fransaya yaraşmır, amma Makrondan hər şey gözləmək olar. Çünki erməni faşizmini dəstəkləmiş bir liderdir. O baxımdan faşizm üzərində qələbədə müstəsna payı olan Azərbaycana belə hörmətsizlik nümayiş etdirilməsi məni təəccübləndirmədi”.

Q.Hüseynli hesab edir ki, səfirin tədbirə dəvət olunmaması rəsmi Bakıya olan nifrətdən irəli gəlir: “Makron iqtidarı Azərbaycana düşmənçilik edir. Bizi ittiham edir ki, guya Ermənistan ərazilərinə hücum etmişik. Görün kin gözlərini nə qədər tutub ki, qələbə tədbirinə çağırmırlar. Halbuki nasistlərin Fransanı necə tutduqlarını yaxşı bilirik və bu işğaldan qurtuluşda Əhmədiyyə Cəbrayılovun, eləcə də digər partizanların iştirakına görə Makron baş əyməliydi. Amma siyasi mədəniyyəti çatmayıb. Yəni o vaxtın hadisələrini unudub, indiki Azərbaycana olan münasibətini nümayiş etdirib”.

Professor Elxan Mirzəyev isə Fransanın bu qərarını siyasi addım kimi qiymətləndirir. Onun fikrincə, 44 günlük müharibədən sonra Fransanın Azərbaycanla ulduzu barışmır: “Son aylarda bəzi bəyanatlar səngiyib. Makron da əvvəlki qədər anti-Azərbaycan açıqlamalar vermir. Görünür ki, Cənubi Qafqazda olan reallığı yavaş-yavaş dərk etməyə başlayır. Amma bununla belə, hər fürsətdə bizə qarşı hansısa hərəkətə yol verilməsini əldən qaçırmırlar. Bu dəfə də səfir Leyla Abdullayevanı tədbirlərə dəvət etməməklə Fransa hökuməti öz mahiyyətini nümayiş etdirib”.

E.Mirzəyevin sözlərinə görə, Azərbaycan bundan çox da narahat olmamalıdır:“Çünki Makron hakimiyyəti dövründə biz bu ölkədən müsbət hər hansı mövqe gözləmirik. Ancaq belə qeyri-etik diplomatik davranışa görə adekvat münasibət sərgilənə bilər. Hərçənd Fransa bu qələbədən danışanda bir qədər dilini qısa etməlidir. Onlar tez təslim olublar, işğalçı alman əsgərləri Fransa şəhərlərində min oyundan çıxıblar, əxlaqsızlıqlara yol veriblər, amma fransızlar bunun qarşısında müqavimət göstərməyiblər”.

 

Seçilən
0
2
nocomment.az

3Mənbələr