AZ

Bill Qeyts bütün sərvətini xeyriyyə işlərinə bağışlayacaq

Tribunainfo.az xəbər verir ki,  Microsoft-un təsisçisi və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts elan edib ki, qarşıdakı 20 il ərzində təxminən 200 milyard dollar dəyərində olan bütün şəxsi sərvətini Gates Foundation adlı şəxsi fondu vasitəsilə xeyriyyə məqsədlərinə yönəldəcək.

“Demək olar ki, bütün vəsaitimi Gates Fondu vasitəsilə dünyada insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün ayırmağı planlaşdırıram. 2045-ci il dekabrın 31-nə qədər fond öz fəaliyyətini başa çatdıracaq,” – deyə Qeyts şəxsi saytında yazıb.

Reuters qeyd edir ki, milyarder ABŞ prezidenti Donald Trampın bir çox yardım proqramlarını ixtisar etməsinə dolayı yolla tənqid yönəldib. Qeyts bildirib ki, o, yeni doğulmuş körpələrin, uşaqların və anaların qarşısı alına biləcək səbəblərdən ölümünün qarşısını almaq, eləcə də poliomielit, malyariya və qızılca kimi xəstəlikləri aradan qaldırmaq və yoxsulluq səviyyəsini azaltmaq istəyir.

“Ölümüm sonrası insanlar mənim haqda çox şey deyəcək, amma istəyirəm ki, heç olmasa bir şeyi deməsinlər: ‘O, varlı halda öldü’,” – deyə Qeyts vurğulayıb.

CNN xəbər verir ki, Bill və Melinda Qeyts 2000-ci ildə yaratdıqları fondun onlardan sonra da fəaliyyət göstərməsini planlaşdırırdılar. Lakin indi Qeyts bu prosesi sürətləndirmək qərarına gəlib.

Fond yaradıldığı vaxtdan bəri SPİD, vərəm və malyariya ilə mübarizə daxil olmaqla müxtəlif proqramlara 100 milyard dollar ayırıb. Bloombergin məlumatına görə, hazırda Qeytsin sərvəti təxminən 108 milyard dollar olaraq qiymətləndirilir.

İmran Kərimli

Seçilən
0
tribunainfo.az

1Mənbələr