Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü bir alternativ qazanıb. Söhbət son dövlər daha çox istifadə edilən üzüm marmeladından gedir.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, dəmir, antioksidant və vitaminlərlə zəngin olan bu təbii məhsul sağlam həyat üçün yeni seçim kimi təqdim olunur.
Bəhməz uzun illərdir ki, dəmir və digər faydalı minerallarla bədəni gücləndirən, enerji verən və immun sistemini dəstəkləyən əsas qida hesab olunurdu. Lakin son dövrlərdə üzüm marmeladı da oxşar təsirləri ilə diqqət çəkir.
Mütəxəssislərin fikrincə, xüsusilə qırmızı və qara üzüm növlərindən hazırlanan marmelad, dəmir baxımından çox zəngindir. Onun tərkibindəki antioksidantlar və C vitamini dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir. Bu isə dəmir çatışmazlığına qarşı təsirli bir təbii dəstək vasitəsi kimi qiymətləndirilir.
Marmeladın üstünlüklərindən biri də onun şəkər miqdarının bəhməzlə müqayisədə daha az olmasıdır. Bu səbəbdən üzüm marmeladı diabet xəstələri və pəhriz saxlayan şəxslər üçün daha uyğun hesab edilir. Aşağı kalorili olması isə onu sağlam desert alternativinə çevirir.
Bununla yanaşı, mütəxəssislər ölçülü istehlakın vacibliyini vurğulayırlar. Həddindən artıq şəkər qəbulunun qarşısını almaq üçün marmelad gündəlik qidalanma planında nizamlı və miqdarında istifadə edilməlidir.