Koreya Xalq Ordusu uzun mənzilli silahlar və raket sistemləri ilə hücumları əhatə edən birgə təlimlər keçirib.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Təlimlərin Kim Çen Inın rəhbərliyi altında keçirildiyi vurğulanır. Məlumata görə, təlimlərdə 600 mm-lik uzunmənzilli çoxsaylı buraxılış raket sistemi və “Xvason-11qa” taktiki ballistik raketi iştirak edib. “Həmçinin, bütün bölmələrin təcili olaraq nüvə əks-hücumuna hazırlıq vəziyyətinə keçirilməsi proseduru və prosesinin məşqinə dair təlimlər və əks-hücum sistemlərindən istifadə üzrə komanda heyəti üçün ayrıca təlimlər keçirilib”, - agentliyin məlumatında deyilir.
Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə qüvvələrinin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyini qeyd edib. O, həmçinin taktiki nüvə silahı sistemlərinin döyüş etibarlılığını daha da artırmaq, onların tətbiqi sahəsini hərtərəfli və davamlı şəkildə genişləndirmək vəzifəsini qarşıya qoyub.
Mayın 8-də Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Yapon dənizinə ehtimal ki, qısa mənzilli bir neçə ballistik raket atdığını bildirib. Pxenyan sonuncu dəfə martın 10-da ABŞ və Cənubi Koreyanın genişmiqyaslı “Freedom Shield” təlimlərinə başladığı zaman Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atmışdı.
"Cebheinfo.az"