AZ

Ətir bazarında fərqli qiymətlər -Orijinal və saxtanı necə ayıraq?

Bəzən parfümeriya mağazalarında xaricdə yüzlərlə manata satılan məşhur ətir brendlərinin eyni qablaşdırmada, lakin xeyli ucuz qiymətə təqdim olunduğunun şahidi oluruq. Məsələn, orijinal versiyası 300-400 manata olan bir ətirin ölkəmizdə 70-100 manat arasında satılması istehlakçılarda haqlı olaraq suallar doğurur. Əgər həmin məhsul xaricdə bu qədər bahadırsa, o zaman məntiqlə ölkəyə idxal edildikdə də eyni dəyəri qoruyub saxlamalıdır. Bəs bu uyğunsuzluğun səbəbi nədir? Ətirlərin ucuz satılması onların orijinallığına şübhə yaradırmı?

Valyuta.az xəbər verir ki, parfümeriya şəbəkələrindən birinin satış meneceri Yunus İsmayılov Metbuat.az-a açıqlamasında bildirib ki, hər bir orijinal məhsul satılanda onun əsas göstəriciləri – barkod, təsdiqləmə və istehsal sənədləri fabrikdən birbaşa gəlir.

O, ətirlərin xam maddələrinin də burada rolunun olduğunu deyib:

“Məsələn, elə fabriklər var ki, onlar özlərinin yeni və orijinal xam maddələrini ayrıca hazırlayır. Ona görə də həmin məhsullar "orijinal" sayılır. Məsələn, “Imperial” kimi bir ətri götürsək, onun xammalı ilə orijinalı arasında cüzi fərqlər olur. Çünki şüşəsi birbaşa zavodda xüsusi hazırlanır. Təkcə qablaşdırmasının dizaynına 500-600 manat arasında vəsait ayrılır. Bu səbəbdən də həmin məhsulların qiymətində fərqlər yaranır. Yağlar bizə gəlib çıxana qədər müəyyən proseslərdən – filtrasiya və uyğunlaşdırmadan keçir. Azərbaycanda artıq yerli istehsallar da mövcuddur və bu məhsullar da müəyyən standartlara uyğun hazırlanır. Yağlar alüminium bankalarda gəlir və satışa çıxarılır”.

Y.İsmayılov hər ətrin özünəməxsus qiyməti olduğunu qeyd edib:

“Məsələn, “Chanel” markasının köhnə və yeni versiyalarında fərq böyükdür – həm tərkib, həm dizayn, həm də qiymət baxımından. Orijinal ətirlərdə təkcə qablaşmanın qiyməti 40-50 manat təşkil edə bilər. Bəzi mağazalar isə bu məhsulları qazanc məqsədilə daha ucuz qiymətə təklif edir. Müştərilər adətən hansı məhsulun orijinal olduğunu tanıyırlar və qiymətlərə uyğun seçim edirlər. Fabriklərdə məhsulların bahalı və ucuz versiyaları mövcuddur. Məsələn, Almaniyanın "Amberhen", Türkiyənin böyük zavodları, Fransanın ətir fabrikləri – bunların hamısının öz standartları və qiymət seqmentləri var. Lüks məhsullar var ki, onların qiyməti çox yüksək olur və hər müştərinin büdcəsinə uyğun deyil. Ona görə də oxşar qoxulu, lakin daha münasib qiymətə olan məhsullar hazırlanır. Onların qoxusu 75-85% oxşarlıq göstərir və qənaət baxımından sərfəlidir”.

Parfümer ətirlərin qalıcılığından danışarkən bildirib ki, ətrin qoxusunun üç gün qalması absurd bir fantaziyadır:

“Tünd ətirlər paltarda iki gün qala bilər. Amma şleyf – yəni qoxunun havada yayılması – normalda 6-7 saat davam edir. Hətta orijinal ətirlərdə də bu fərqlidir. Konsentrasiyalar olur: "eau de toilette", "eau de parfum", "parfum extrait" və s. Fabrikdən gətirilən yağlar adətən yüksək tərkiblə olur, əlavə seyreltməyə ehtiyac qalmır”.

Y.İsmayılov ətirlərin dəriyə zərərləri məsələsinə də toxunub:

O qeyd edib ki, xam maddələrin içində olan bəzi notlar insan dərisinə uyğun gəlməyə bilər, amma gətirilən məhsullar xüsusi sertifikatla, yoxlanışla təchiz olunur:

“İndiyədək dəriyə və ya üzə zərər halları müşahidə olunmayıb. Bəzən psixoloji faktorlar rol oynayır, yəni bir insan hansısa ətirə alışıbsa, digərinə adaptasiyası çətin olur. Ümumiyyətlə, ətir çox həssas bir sahədir, sevginin bir digər adıdır. Ətir insanı keçmişə aparır, hisslər oyadır. Ona sadəcə qoxu kimi deyil, zövqlə və anlayışla yanaşmaq lazımdır”.

Mənbə: Metbuat.az

Seçilən
0
1
valyuta.az

10Mənbələr