Mayın 8-də Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Ruh-ül-ərvah” adlı bədii konsert proqramı təqdim olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki,əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris şöbəsi üzrə prorektoru Nərminə Quliyeva, Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və gəncliyinə verdiyi töhfələrdən bəhs ediblər. Onlar qeyd ediblər ki, “Ruh-ül-ərvah” konsert proqramı Azərbaycanın zəngin musiqi irsinin qorunması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin bu kimi layihələrin gənclərin yaradıcılıq imkanlarının inkişafına və mədəni dəyərlərimizin təşviqinə töhfə verdiyi vurğulanıb.
Konsert proqramı çərçivəsində Azərbaycan Milli Konservatoriyasının istedadlı tələbələrinin ifasında klassik və xalq musiqisinin incilərindən ibarət müxtəlif əsərlər səsləndirilib. Tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanan çıxışlar milli musiqi ruhunu əks etdirən performanslarla yadda qalıb.
Qeyd edək ki, “Ruh-ül-ərvah” bədii konsert proqramı Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə təşkil olunub.