AZ

“Qarabağ” ÇL-ə ikinci təsnifatdan başlayacaq? - UEFA-nın Komitə üzvündən açıqlama

“Əslində, “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlamaq şansı hələ də qalır. Amma bu, yayılan xəbərlərdə olduğu kimi deyil".
 
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib. 
 
Qurum rəsmisi “Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə 2-ci təsnifatdan mərhələsindən başlayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. 
 
O bunun hələ tam dəqiqləşmədiyini bildirib: “Fransa çempionu PSJ-nin ÇL finalına vəsiqə qazanması ilə UEFA balanslaşdırma həyata keçirəcək. Bu nə deməkdir? Qitənin ən nüfuzlu klub turnirində ölkə reytinqlərinə və klub reytinqlərinə görə boşalan yerlərin doldurulması baş verəcək. UEFA-nın ölkə reytinq sıralamasında 15-ci yerdə olan ölkənin çempionu bir mərhələ irəliləyərək pley-off-dan birbaşa liqa mərhələsinə adlayır. 15-ci Yunanıstandır və belə olduğu halda bu ölkənin birincisi “Olimpiakos” pley-off-dan yox, liqa mərhələsindən turnirə start verəcək. Bu halda ikinci təsnifatda iki əlavə yer açılır. Bu yerlərə əsas namizədlər isə reytinqdə bizdən yüksək olan Slovakiya təmsilçisi “Slovan”dır (Bratislava). Çünki bu komanda ölkəsində çempion olub. İkinci klub isə Macarıstan təmsilçisi “Ferentsvaroşdur”. Hazırda öz liqalarında lider olan komanda çempionluğu təmin etməsə də, şansı böyükdür. Ona görə “Qarabağ”ın ikinci təsnifatdan başlayacağı ehtimala görə mümkündür, amma dəqiq deyil.  
 
 
“Qarabağ”ın ikinci mərhələdən başlaması üçün Avropa Liqasının qalibi həm də öz ölkəsinin çempionatından Çempionlar Liqasına vəsiqə qazanmış komanda olmalıdır. Bu halda onlar balanslaşdırmaya təsir edəcəklər. İndiki halda yarımfinal cütlərinə baxsaq, “Budo-Qlimt” əgər Avroliqanın qalibi olsa, onda Norveç təmsilçisi ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Onlar həm də ölkə çempionatından bu vəsiqəni əldə etdiyi üçün balanslaşdırmaya təsir edəcək və “Qarabağ” ikinci təsnifatdan başlayacaq. 
 
Digər variant isə reytinqdə 22-ci olan Rusiyanın avrokuboklara buraxılmaması halında mümkündür. Bu halda Kipr və Macarıstan komandaları avtomatik olaraq ikinci təsnifata yüksəlir və klub reytinqlərinə baxıldıqda “Qarabağ” ikinci təsnifatdan başlaya bilər. 
 
Ən real variant budur. Bunun üçün də mayın sonunu gözləmək lazımdır. Cari ayın 2-ci yarısında UEFA İcraiyyə Komitəsinin iclası planlaşdırılır. Orda veriləcək qərarlar hər şeyi dəyişə bilər. Mənim də üzv olduğum UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin iclası isə mayın 30-da, Çempionlar Liqasın finalından bir gün öncə baş tutacaq. Yəni ay sonuna qədər məsələyə aydınlıq gələcək”.
 
Seçilən
0
6
moderator.az

7Mənbələr