İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepo ilə görüş keçirilib.
Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Bildirilib ki, ötən ilin may ayında Brüsseldə və bu ilin fevral ayında Bakıda Belçika nümayəndə heyəti ilə keçirilən görüşlər iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
Səfir Julyen de Frepo Belçika və Azərbaycan arasında qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb, qeyri-neft ticarəti, investisiyalar, əczaçılıq, nəqliyyat və logistika sahələrindəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib. Səfir həmçinin Qarabağda olan infrastruktur layihələri ilə yerindəcə tanış olduğunu və Belçika şirkətlərinin bu layihələrdə iştirakının mümkünlüyünü diqqətə çatdırıb.