AZ

Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

FHN-in mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda təşkil olunan növbəti belə tədbirlər Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində, Neftçalanın Həsənabad qəsəbəsində, Xaçmazın Niyazoba qəsəbəsində, Lənkəranın Balıqçılar qəsəbəsində və Varvara su anbarının sahilində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda sözügedən gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Seçilən
0
3
herbiand.az

4Mənbələr