AZ

İsrail və Türkiyə nümayəndələrinin Bakı görüşü ciddi rezonans doğura bilər -Politoloq

Sabah Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılmışdı.
Lakin bu səfər regionda, xüsusilə Qəzza zolağında genişlənən hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb.
Xatırladaq ki, aprelin 9-da da Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub.

Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, İsrail və Türkiyə nümayəndələrinin Bakıda baş tutacaq görüşü regional və beynəlxalq səviyyədə ciddi rezonans doğura bilər:

"Bu görüş, təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda yeni siyasi konfiqurasiyaların formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm Türkiyə, həm də İsrail üçün mühüm strateji tərəfdaşdır və bu mövqe ölkəmizə bölgədə diplomatik körpü rolunu oynamaq imkanı yaradır.
Əgər bu görüş planlaşdırıldığı kimi konstruktiv və səmərəli keçərsə, yaxın perspektivdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri gündəmə gələ bilər. Belə bir səfər, hər üç ölkə arasında yüksək səviyyəli siyasi dialoqun təməlini qoymaqla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi üçün də şərait yarada bilər. Bu cür format, bölgədə sabitlik, enerji təhlükəsizliyi və ticari əməkdaşlığın inkişafı üçün yeni imkanlar açar. Lakin bu perspektivlərin reallaşması ilk növbədə Türkiyə və İsrail nümayəndələrinin Bakıdakı danışıqları necə qiymətləndirəcəyindən asılıdır. Tərəflər arasında qarşılıqlı etimadın və anlayışın bərpası, həm keçmişdəki gərginlikləri aradan qaldırmaq, həm də gələcəyə yönəlik əməkdaşlıq yollarını müəyyənləşdirmək baxımından həlledici olacaq".

Politoloq qeyd edib ki, ümumiyyətlə, hazırda Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən qurulmasına və inkişaf etdirilməsinə ciddi ehtiyac var:
"Qlobal və regional proseslərin sürətlə dəyişdiyi bir dövrdə bu iki güclü ölkənin əməkdaşlığı yalnız ikitərəfli münasibətləri deyil, həm də bölgədə sabitlik və təhlükəsizlik mühitinin möhkəmləndirilməsini təşviq edə bilər".
Seçilən
0
sherg.az

1Mənbələr