AZ

Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olublar

Xəbər verdiyimiz kimi, may ayının 5-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyətinin tərkibində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Şura sədrinin müavini, millət vəkili Ağalar Vəliyev və başqaları Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gediblər.

Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Əbu-Dabidə Şeyx Zayed məscid kompleksini ziyarət edib. Burada qonaqlara məlumat verilib ki, ölkənin ən böyük məscidi olan bu məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Cümə və bayram namazlarında buraya gələnlərin sayı 40 min nəfərə çatır. Məscidlə tanışlıqdan sonra spiker Sahibə Qafarova məscidin xatirə kitabına ürək sözlərini yazıb.

Milli Məclisin sədri Sahibə Qafarova və nümayəndə heyəti  Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb. Azərbaycanın nümayəndə heyətini səmimiyyətlə salamlayan Saqr Qobaş bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. Saqr Qobaş ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, xüsusilə iqtisadi əmıkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.

Bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı qeyd olunub ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb. Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin sədrliyi ilə həyata keçirilən tədbirlər təşkilatın institusional inkişafına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. O, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.

Federal Milli Şuranın sədri Saqr Qobaş Sahibə Qafarovanı yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, beynəlxalq münasibətlərdə müşahidə olunan qütbləşmə və gərginliklər fonunda Parlament Şəbəkəsinin mühüm rol oynaya biləcəyini və ölkəsinin bu platforma çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib.

Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə BƏƏ-nin COP28-ə sədrliyi arasında çox uğurlu əməkdaşlıq olduğu bildirilib. Həmçinin, COP29 çərçivəsində keçirilən Parlament Toplantısında BƏƏ parlamentinin 3 nümayəndəsinin iştirak etdiyi, tədbirin təşkilində tərəflər arasında təcrübə mübadiləsi aparıldığı da diqqətə çatdırlıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində mayın 6-da BƏƏ-nin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub. Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar. Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi – koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə də görüşüb. Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib. Spiker Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın mövcud olduğu qeyd edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların olması barədə fikirlər diqqətə çatdırılıb. Dövlətlərimiz arasında əməkdaşlığın mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu bildirərək, səfər çərçivəsində apardığı danışıqlar barədə məlumat verib. O, dünən imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək deyib ki, bu sənəd tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək. Həmçinin diqqətə çatdırılıb ki, parlamentlərimiz ikitərəfli əsasda olduğu kimi, beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. Parlament üzvlərimiz Parlamentlərarası İttifaq, İƏTPA, Asiya Parlament Assambleyası, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi təşkilatlarda sıx əlaqə saxlayır və bir-birini dəstəkləyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
0
18
yeniazerbaycan.com

10Mənbələr