AZ

Azərbaycanda bir günlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA

Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müqavilənin müddəti qanunla 1 il müəyyən edilsə də, beynəlxalq təcrübədə qısamüddətli müqavilələrə də rast gəlinir.

Məsələn, qonşu Rusiyada icbari avtosığortanı 24 saatlıq da almaq mümkündür.

Bu isə avtomobildən nadir hallarda - az istifadə edən şəxslərə sığorta xərclərini xeyli azaltmaq imkanı yaradır. Bəs Azərbaycanda bir günlük icbari avtosığorta mümkündürmü? Qısamüddətli sığorta məhsulları bu sahəyə hansı üstünlüklər gətirə bilər? “Report” mövzu ilə bağlı araşdırma aparıb.

"Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil"

Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, Rusiya təcrübəsini Azərbaycana gətirmək elə də çətin deyil, bunun üçün sadəcə qanunvericilikdə dəyişiklik etmək, İcbari Sığorta Bürosunun (İSB) texniki imkanlarını qısamüddətli müqavilələrə uyğunlaşdırmaq lazımdır: "Xüsusilə "İcbari sığortalar haqqında" qanuna düzəliş edilməli, qısamüddətli sığorta məhsullarının satışı üçün texniki imkanlar yaradılmalı, İSB-nin informasiya sistemi bu yeniliyə uyğunlaşdırılmalıdır. Eyni zamanda polis əməkdaşlarının bu məhsulu tanıması və real vaxt rejimində yoxlama imkanına malik olması təmin edilməlidir".

Ekspertin fikrincə, bir günlük sığortanın satışı avtomobildən mövsümi və yaxud nadir hallarda istifadə edən şəxslərə seçim imkanı yaradacaq: "Bundan başqa, ölkəyə qonaq gələn, qısa müddətə avtomobil idarə edən şəxslər üçün də bu məhsul rahat alternativ ola bilər. Həmçinin, qısamüddətli sığorta ucuz olacağı üçün kütləvi satıla, sığorta bazarındə əhəmiyyətli artımla nəticələnə bilər".

"Yenilik mütərəqqidir, amma mənfi məqamları ola bilər"

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Rusiya bazarında tətbiq olunan bu yenilik özlüyündə mütərəqqi islahat sayılsa da, müəyyən mənfi məqamları da istisna etmir: "Bu məhsul gələcəkdə sığorta dələduzluqlarının artması riskini daşıya bilər: Çünki qısa müddətli müqavilələrin monitorinqi və sığorta hadisələrinin araşdırılması daha çətin ola bilər. Hər bazarın öz tələbləri və şərtləri var. Rusiyada avto-icbari sığorta üzrə penetrasiya səviyyəsi təxminən 90 %-dir və bu məhsul məhz bu əhatəni daha da artırmaq məqsədi daşıyır. Halbuki, Azərbaycanda bu rəqəm 100 %-ə yaxındır və bu, ölkə üçün sevindirici göstəricidir. Bu səbəbdən də, hazırkı mərhələdə belə bir yenilik yerli bazar üçün prioritet deyil".

Assosiasiyadan əlavə edilib ki, hazırda yerli bazarda daha çox maarifləndirmə tədbirlərinə üstünlük verilir və məqsəd mövcud sığortalıların xidmətlərdən davamlı yararlanmasını təmin etməkdir: "Nəticə olaraq, həm ekspertlər, həm də tənzimləyici və sahə üzrə peşəkar qurumların yanaşmalarını müqayisə etdikdə görünür ki, Azərbaycanda bir günlük icbari avtosığorta məhsulunun tətbiqi texniki olaraq mümkün olsa da, hazırda nə qanunvericilik, nə də bazar prioritetləri bu məhsula ehtiyac olduğunu göstərir. Bununla belə, gələcəkdə bu mövzu ətrafında ictimai və peşəkar müzakirələrin aparılması, qanunvericilikdə çevik mexanizmlərin nəzərdən keçirilməsi və beynəlxalq təcrübənin uyğun formada öyrənilməsi istisna olunmur".

"İcbari avtosığortanın fasiləsiz olması məqsədəuyğundur"

Azərbaycan Mərkəzi Bankından isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sığorta sistemi sığortalıların maliyyə sabitliyini qorumaq məqsədi daşıyır və hadisə tezliyi yüksək olan sığorta növləri üzrə fasiləsizliyin təmin olunması vacibdir: "İcbari avto sığorta, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı 3-cü şəxslərin sağlamlığına və əmlakına vurulan zərərlərin qarşılanmasını əhatə edir. Bu növ üzrə hadisələrin tezliyi ölkədə ən yüksək səviyyədədir. Təkcə ötən il 3-cü şəxslərə vurulan zərərlərlə bağlı 110 mindən çox sığorta hadisəsi baş verib. Bu da gündə orta hesabla 300-dən çox hadisə deməkdir. İl ərzində sığorta şirkətləri icbari avto sığorta üzrə 128 milyon manatdan artıq ödəniş edib. Belə yüksək hadisə tezliyi fonunda sığorta təminatının fasiləsizliyi son dərəcə vacibdir. Sığortasız avtomobil idarə edən şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Bu isə bir tərəfdən nəzarətin gücləndirilməsi, digər tərəfdən isə sosial risklərin məsələn, vətəndaşların cərimələnmə ehtimalının artması ilə nəticələnə bilər”.

AMB-dən əlavə edilib ki, beynəlxalq təcrübədə qısamüddətli sığorta xidmətləri üzrə tariflər uzunmüddətli məhsullardan daha yüksək olur: “Bu isə əhalinin sığorta xidmətlərinə əlçatanlığını çətinləşdirə bilər. Bundan əlavə, ölkəmizdə avtomobillərin icbari sığortalanması "İcbari sığortalar haqqında" qanunla tənzimlənir və həmin qanuna əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üçün icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanır. Bununla belə, mövcud qanunvericilikdə istisnalar mövcuddur. Standard sığorta müqavilələrindən fərqli olaraq, mövcud qanunvericiliklə sərhəd və Yaşıl Kart müqavilələrinə münasibətdə müqavilə müddətinin bir illik olması ilə yanaşı, daha qısamüddətli olması imkanı nəzərdə tutulub. Bu isə həmin müqavilələrə münasibətdə şəxsin sığorta təminatı ilə əhatə olunma müddətinə olan ehtiyacından irəli gəlir. Belə ki, şəxs Azərbaycanın ərazisinə səfər etdiyi müddət ərzində sığorta təminatı ilə əhatələnir.

Beynəlxalq təcrübədə qısamüddətli sığorta müqavilələri əsasən səfər, yükdaşıma, müvəqqəti inşaat işləri və qısa müddətli tədbirlərlə əlaqədar fəaliyyətlər zamanı tətbiq olunur. Azərbaycanda isə 3-cü şəxslərə vurulan zərərlərin qarşılanmasını təmin edən icbari məsuliyyət sığortalarının illik (fasiləsiz) şəkildə tətbiqi daha məqsədəuyğun sayılır”.

Nəticə olaraq, ekspertlərin və tənzimləyici qurumun yanaşmalarını müqayisə etdikdə aydın olur ki, bir günlük və yaxud qısa müddətli icbari avto-sığortanın ölkədə tətbiqi hüquqi və texniki baxımdan mümkün olsa da, hazırkı normativ mühit və risk səviyyəsi belə məhsulun tətbiqini hələlik məhdudlaşdırır.

Seçilən
0
1
report.az

2Mənbələr