Azərbaycanda qiymətli metalların tərkibi, zərgərlik məmulatlarının texniki və keyfiyyət göstəriciləri, markalanması, çeşidlənməsi və laborator sınaq qaydaları ilə bağlı normativ tənzimləmələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bu barədə “Report”a açıqlamasında “Qiymətli metallar və qiymətli daşlar” üzrə Standartlaşdırma Texniki Komitəsinin sədri Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə sahə üzrə yeni dövlət standartı layihələrinin hazırlanması planlaşdırılır: "Texniki Komitə tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər əsasında bir sıra yeni sənəd layihələri hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub və müvafiq prosedurlara uyğun şəkildə Milli Standartlaşdırma Proqramına daxil edilib.
Sənədlər həm daxili bazarın effektiv tənzimlənməsi, həm də beynəlxalq ticarətdə rəqabətqabiliyyətli məhsulların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
R. Əmircanov əlavə edib ki, Texniki Komitənin gündəliyində gələcək illər üçün də yeni standart layihələrinin hazırlanması planlaşdırılıb. “Xüsusilə rəqəmsallaşma, məsuliyyətli hasilat və innovativ analiz metodlarını nəzərə alan müasir texniki sənədlərin işlənməsi nəzərdə tutulur. Bu istiqamətdə görüləcək işlər sahənin davamlı inkişafı və istehlakçı hüquqlarının daha səmərəli qorunması üçün möhkəm normativ baza yaradacaq”.