Bakı, 8 may, AZƏRTAC
Mayin 8-də Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir və “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, bu il müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Ümummilli Liderin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan direktor, Ulu Öndərin həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğısınından da bəhs edib.
Professor Kərim Tahirov Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ulu Öndərin Milli Kitabxanaya gələrkən söylədiyi “Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözlərini xatırladaraq qeyd edib ki, bu söz bizim üçün kitabxana haqqında söylənilən bütün fikirlərdən daha doğma, əziz və dəyərlidir.
Tədbirin davamında “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, "Əsərləri", “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/H.Aliyev/index.html linkindən istifadə edə bilərlər.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı kitab sərgisinə baxıblar. Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.