AZ

"Cavid İmamverdiyevlə rəqabətdə olmaq çox xoşdur" - 2-ci Liqanın "Şəmkir"li bombardiri

Mövsüm sona yaxınlaşdıqca 2-ci Liqa da mübarizə gərginləşir. Sona 2 tur qalmış baş məşqçi Vüqar Nadirovun gəlişindən sonra fırtına kimi əsən "Şəmkir"lə "Haypers Quba" arasındakı 4-cü yeri tutmaq, 1-ci Liqada 9-cu olacaq komanda ilə pley-offda qarşılaşmaq uğrunda rəqabət göz oxşayır. Hazırda Quba təmsilçisi 45 xalla 4-cü, şəmkirlilər isə 5-ci (44 xal) pillədə qərarlaşıblar. Maraqlıdır ki, çempionatın bombardirlik yarışına da bu iki komandanın futbolçuları başçılıq edirlər. "Haypers"in yarımmüdafiəçisi Cavid İmamverdiyev 27 dəfə rəqib qapılarına yol tapıbsa, "Şəmkir"in əsas qol silahı Vidadi Cəfərov da eyni sayda qolla yadda qalıb. Vidadi ilə əlaqə saxlayıb ortaya qoyduğu performans, özünün və komandasının hədəfləri barədə fikirlərini öyrəndik.

24 yaşlı forvardın Fanat.Az-a müsahibəsi belə alındı:

- Mövsümün ilk matçında "Şəki Siti"ni səfərdə 3:0 hesabı ilə məğlub etmişdiniz. Həmin matçda dublla yadda qalmışdın. Qarşına liqanın bombardiri olmaq məqsədi qoymuşdunmu?
- Düzü, mövsüm başlayanda formada deyildim. Buna baxmayaraq, liqanın ilk turundan bombardirlər yarışında 1-ci yerə yüksəldim. Bəli, liqanın ən sərrast oyunçusu olmaq istəyirəm. Yəni qarşıma belə bir məqsəd qoymuşam.

- 27 qolla siyahının şərikli liderisən...
- Bu sayda qolla zirvədə qərarlaşmaq çox gözəl hissdir. 27 qol vurmağımda komanda yoldaşlarımın böyük əməyi var. 

- Cavid İmamverdiyev də sənin qədər qol vurub. Sonda onunla mübarizədən qalib çıxacağına inanırsan?
- Cavid İmamverdiyevlə rəqabətdə olmaq mənim üçün çox xoşdur. O, böyük karyerası olan bir futbolçudur. Sona 2 tur qalıb. Mənim üçün ən önəmlisi komandanın uğurudur. Qarşıdakı matçlarımızın ikisi də finala bərabərdir. 4-cü yeri tutub pley-off oynamaq arzusundayıq. Mən də istəyirəm ki, vurduğum hər qol komandamı 1-ci Liqaya daha da yaxınlaşdırsın.

- Vurduğun qollar arasında ən xoşuna gələn hansıdır?
- Ən baxımlı qol "Lerik"ə vurduğumdur. Həmin qol dekabr ayının ən yaxşısı seçilmişdi.

- Bəs ən vacibi?
- "Haypers Quba"ya səfərdə vurduğum. Oyunun sonlarında topu tora göndərdim. Həmin qol komandama 2:1 hesablı olduqca önəmli qələbə qazandırdı.

- 4-cü ola biləcəyinizə inanırsan?
- Vüqar məllim gələndən sonra komandada çox şey dəyişdi. O, bizə istər peşəkarlıq, istər oyun planı, istərsə də fiziki və psixoloji hazırlıq baxımından həqiqətən çox şey verdi. İndi komanda Şəmkir əhalisi üçün də ümid yeridir. Yuxarı pillələrə qalxdıqca özünəinam da artdı. İndi məqsədimiz 1-ci Liqaya yüksəlməkdir. Allah qoysa, işimizə maksimum məsuliyyətlə ciddi yanaşıb qarşıdakı görüşlərə də böyük həvəs və inamla hazırlaşacağıq. Söylədiyim kimi, qarşıda iki finala bərabər matçımız var. Sonadək mübarizə aparacağıq.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr