2025-ci ilin aprel ayının sonlarından etibarən Hindistan və Pakistan arasında geosiyasi və hərbi gərginlik təhlükəli eskalasiya mərhələsinə qədəm qoyub. Aprelin 22-də Cammu və Kəşmirin Hindistanın nəzarətində olan Pahalqam bölgəsində baş verən insidentdən sonra rəsmi Yeni Dehlinin ritorikası sürətlə hərbi əməliyyatlara transformasiya olunaraq, bölgədə stabilliyin ciddi şəkildə pozulmasına gətirib çıxarıb.
Mayın 7-də Hindistan Silahlı Qüvvələri tərəfindən Pakistanın suveren ərazisinə qarşı həyata keçirilən raket hücumları bu təxribatçı ritorikanın praktik təzahürüdür. Bir neçə saat davam edən raket zərbələri nəticəsində mülki infrastruktur zədələnib, dinc əhali arasında itkilər qeydə alınıb. Hindistanın bu addımından dərhal sonra ölkə daxilində genişmiqyaslı mülki müdafiə təlimlərinə start verilib, 21 əsas hava limanı mülki uçuşlar üçün bağlanıb, paytaxt Yeni Dehlidə isə planlaşdırılmış enerji fasilələri tətbiq olunub. Bu tədbirlər isə Hindistanın faktiki olaraq müharibəyə hazırlıq rejiminə keçdiyini, onun strateji niyyətlərinin hərbi-siyasi səciyyə daşıdığını göstərir.
Hindistan müharibə kursu götürüb
Pakistanlı beynəlxalq məsələlər üzrə analitik Tarique Siyal APA-ya açıqlamasında bildirib ki, Pahalqam insidentindən sonra rəsmi İslamabad beynəlxalq araşdırma təklif etsə də, Hindistan müharibə ritorikasından çıxış edərək, hərbi eskalasiyanı artırıb və müharibəyə yol açıb.
“Pahalqam insidentindən dərhal sonra Hindistan tərəfindən Pakistana qarşı sərt ittihamlar və təhdidlər irəli sürüldü. Bu bəyanatlar hər hansı konkret sübuta əsaslanmadan verildi. Pakistan isə hadisə ilə bağlı beynəlxalq nəzarət altında obyektiv və şəffaf araşdırmanın aparılmasını təklif etdi. Hücumdan sonra Hindistanın ritorikası daha da aqressiv xarakter aldı. Ötən gecə Hindistan tərəfindən həyata keçirilən hava hücumları Pakistan üçün gözlənilən olsa da, bu, bölgədə hərbi eskalasiyanın yeni mərhələyə keçdiyini göstərdi. Pakistanın Milli Təhlükəsizlik Komitəsi fövqəladə iclas keçirərək, suverenliyə qarşı yönəlmiş bu təcavüz aktına qarşı ölkənin legitim müdafiə hüququnun qorunması barədə qərar qəbul etdi. Komitə Silahlı Qüvvələrə Hindistanın hərbi təxribatlarına cavab vermək üçün mandat verdi. Eyni zamanda Hindistanın İslamabaddakı diplomatik nümayəndəsi XİN-ə çağırıldı və rəsmi etiraz təqdim olundu”, - deyə o qeyd edib.
Siyalın sözlərinə görə Hindistanın Neelum-Chelum hidroenerji layihəsinə və digər mülki infrastruktura yönəlmiş hücumları onun hibrid müharibə konsepsiyasını tətbiq etdiyini göstərir: “Pakistanın İnformasiya texnologiyaları naziri Hindistanı son kiberhücumların təşkilində ittiham etdi. Müdafiə mənbələrinə əsasən, Pakistan hava hücumları zamanı azı beş Hindistan qırıcı təyyarəsini vurub və Hərbi Nəzarət Xətti boyunca bir neçə düşmən mövqeyini sıradan çıxarıb. Pakistanın nüvə strategiyasına nəzarət edən Milli Komanda İdarəsi Hindistanın “Soyuq Başlanğıc Doktrinası”na qarşı “Tam Spektrli Qoruma” strategiyasını tətbiq edir. Bu, bölgədə tammiqyaslı müharibənin qarşısını almağa yönəlmiş balanslaşdırılmış hərbi-siyasi doktrinadır. Tərəflər arasında davamlı gərginlik nə regional sabitlik, nə də tərəflərin milli təhlükəsizlik və iqtisadi maraqları baxımından faydalıdır”.
Hindistan mülki hədəfləri vurur
Pakistandan olan beynəlxalq münasibətlər üzrə dogər mütəxəssis Xalid Teymur Akram isə APA-ya açıqlamasında qeyd edib ki, Hindistanın “Sindoor əməliyyatı” çərçivəsində Pakistan ərazisinə endirdiyi zərbələr nəticəsində onlarla mülki vətəndaşın həlak olması və məscidlər də daxil olmaqla, mülki obyektlərin hədəf alınması bu hərbi əməliyyatın, sadəcə, cavab tədbiri olmadığını göstərir: “Bu, regionda gərginliyi artıran və humanitar fəlakətə yol açan təxribat xarakterli strateji addımdır. Hindistanın “Sindoor Əməliyyatı” adı ilə Pakistan ərazisinə endirdiyi zərbələr Cənubi Asiyada təhlükəli eskalasiya potensialı daşıyan böhranı yenidən alovlandırıb. Zərbələr nəticəsində 26 mülki vətəndaşın, o cümlədən qadın və uşaqların həyatını itirməsi, 40-dan çox insanın isə yaralanması hadisənin miqyasını və humanitar nəticələrini ciddi şəkildə önə çıxarır. Bahavalpurdakı məscidlər və yaşayış məntəqələri də daxil olmaqla, mülki infrastrukturun hədəf alınması Hindistanın bu əməliyyatı təxribat xarakterli strateji hərbi addım kimi həyata keçirdiyini göstərir. Rəsmi Yeni Dehli bu əməliyyatı Hindistanda baş vermiş terror aktına cavab olaraq təqdim etsə də, İslamabad bu addımı öz suverenliyinə və ərazi bütövlüyünə qarşı birbaşa təcavüz aktı kimi dəyərləndirir. Pakistan tərəfi bu hərbi müdaxiləni beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, həm regional sabitlik, həm də nüvə balansı baxımından ciddi nəticələr doğura biləcəyinə diqqət çəkir. Məsələnin ən təhlükəli tərəfi isə ondan ibarətdir ki, Hindistanın bu addımı nüvə silahına malik iki ölkə arasında potensial qarşıdurma riskini əhəmiyyətli dərəcədə artırır”.
Teymur Akram qeyd edib ki, Hindistandan fərqli olaraq, Pakistan mövqeyini həm hərbi, həm də diplomatik cəbhədə ölçülüb-biçilmiş şəkildə ifadə edir.
“İslamabad bir tərəfdən öz hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxlayaraq, ölkənin təhlükəsizliyini təmin etməyə çalışır, digər tərəfdən isə diplomatik kanallar vasitəsilə Hindistanın təcavüzkar hərəkətlərini beynəlxalq gündəmə daşıyır. Bu yanaşma Pakistanın müdrik və strateji təmkinə əsaslanan siyasətini ortaya qoyur. Eyni zamanda, Pakistan Hindistanın bu hərəkətlərinin daxili siyasi məqsədlərə hesablandığını bəyan edir. Seçkilər ərəfəsində millətçi ritorikanın gücləndirilməsi, iqtisadi və sosial problemlərdən diqqətin yayındırılması məqsədilə Pakistanı xarici düşmən kimi təqdim etmək Hindistanın keçmişdə dəfələrlə istifadə etdiyi taktikadır. Bu isə regionda davamlı sülhə və əməkdaşlığa ciddi zərbə vurur. Pakistan sülhə bağlı, lakin suverenlik və təhlükəsizliyini güzəştə getməyən mövqe nümayiş etdirir. Xarici siyasətində isə Çin, Türkiyə və Körfəz ölkələri ilə əməkdaşlığı dərinləşdirməklə yanaşı, BMT və İƏT kimi beynəlxalq platformalarda Kəşmir məsələsini gündəmdə saxlamağa davam edir. Pakistan öz müdafiə sənayesinə investisiyanı artırmaq, elektron müharibə və peyk texnologiyaları sahəsində üstünlüyü qorumaqla hərbi hazır vəziyyətini gücləndirməyi də qarşısına məqsəd qoyur. Bu hadisələr bir daha göstərir ki, regionda davamlı sülh yalnız ədalət, beynəlxalq hüquqa hörmət və qarşılıqlı etimad üzərində qurula bilər. Pakistanın mövqeyi çətin şəraitdə məsuliyyətli dövlət davranışının nümunəsi kimi qiymətləndirilməlidir”, - deyə ekspert vurğulayıb.
Dünya Hindistan-Pakistan qarşıdurmasından narahatdır
Yaranmış vəziyyət qlobal güclərin də ciddi narahatlığına səbəb olub. İran Hindistan-Pakistan xəttində artan eskalasiyadan narahatlığını ifadə edib, ABŞ Prezidenti Donald Tramp isə tərəflər arasında vasitəçilik təklifi irəli sürüb.
BMT Baş katibi Antonio Quterreş hər iki ölkəni “maksimum hərbi təmkin” göstərməyə çağırıb. Baş katib Hindistanın Hərbi Nəzarət Xəttini və beynəlxalq sərhədi keçərək etdiyi əməliyyatlardan ciddi narahatlığını ifadə edib, bildirib ki, dünya Hindistan və Pakistan arasında hərbi toqquşmanı qaldıra bilməz.
Hindistanla Pakistan arasında gərginliyin artması ilə bağlı Azərbaycan da narahatlığını ifadə edib.
Cənubi Asiyadakı gərginlik qlobal təsir yaradır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya üzrə eksperti Vüsal QuliyevisəAPA-yaaçıqlamasında bildirib ki, iki ölkə arasında hərbi münaqişə müharibəyə keçərsə, bu, tədarük zəncirinin müxtəlif mərhələlərində fasilələrə yol aça bilər.
“Gərginlik artarsa, məhz Cənubi Asiyadan asılı olan logistika marşrutlarında gecikmələr və ya kəsintilər gözləniləndir. Liman infrastrukturuna ziyan dəyməsi, dəniz yollarının bağlanması və ya sığorta xərclərinin artması səbəbi ilə yükdaşıma prosesləri çətinləşə bilər. Bütün bunlar isə birbaşa qlobal ərzaq tədarükündə problemlərin yaranmasına təkan verər. Bu şəraitdə beynəlxalq ictimaiyyətin koordinasiyalı reaksiyası son dərəcə vacibdir. Həm humanitar yardım mexanizmlərinin hazır olması, həm də ərzaq ticarətinə dair kanalların açıq saxlanılması üçün qlobal əməkdaşlıq labüddür. Atılacaq addımlar, eləcə də münaqişənin tezliklə sülh yolu ilə həlli qlobal bazarlarda təşvişin qarşısını almağa, milyonlarla insanın ərzağa çıxışını qorumağa xidmət edəcək,” - deyə Vüsal Quliyev əlavə edib.
Ərzaq təchizatına təhlükə riski
Onun sözlərinə görə, Hindistan və Pakistan arasında hazırkı hərbi gərginlik qlobal ərzaq sistemi üçün ciddi sınaq doğurur: “Artan gərginlik qlobal ərzaq bazarlarında artıq özünü göstərməyə başlayıb. Dünyanın ən böyük düyü ixracatçıları sırasında olan bu ölkələrdə müharibə riski qlobal ərzaq təhlükəsizliyinə birbaşa təhdiddir. Hindistan və Pakistan dünya ərzaq bazarında mühüm paya sahib ölkələrdir. Xüsusilə, Hindistan son illər dünyanın ən böyük düyü ixracatçısına çevrilib. Hazırda qlobal düyü ixracatının təxminən 40%-i Hindistanın payına düşür. Pakistan da dünyanın dördüncü ən böyük düyü ixracatçısı hesab olunur, xüsusilə aromatik Basmati düyüsü bazarında 35% payla (Hindistandan sonra ikinci yerdə) qərarlaşıb. Başqa sözlə, dünya üzrə ixrac olunan düyünün təxminən yarısı bu iki ölkədən gəlir. Bu statistik göstəricilər onu deməyə əsas verir ki, Hindistan və Pakistanda yaranan hər hansı ciddi böhran qlobal ərzaq təchizatı və qiymətlərinə dərhal təsir göstərəcək. Hindistan və Pakistandan ixracatın kəsilməsi bir çox idxalçı ölkədə ərzaq çatışmazlığı riski yarada bilər. Məsələn, Malayziya düyünün 40%-ə qədərini məhz Hindistan və Pakistandan alır və rəsmilər bildirirlər ki, bu ölkələrin siyasi-iqtisadi sabitliyi Malayziyanın ərzaq təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. Münaqişə dərinləşərsə, təkcə düyü deyil, digər əsas ərzaq məhsulları da dünya üzrə bahalaşa bilər. Bunun birbaşa nəticəsi kimi qiymətlər yüksələcək və təchizatda fasilələr yaranacaq. Proseslər onu deməyə əsas verir ki, qlobal bazarlarda ərzaq inflyasiyasının yeni dalğasının meydana çıxacağı gözlənilir”.
Fərid Azəri
Elnur Babayev