“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyəti elan edir ki, Birliyin İdarə Heyətinin 1 iyul 2024-cü il tarixdə keçirilmiş iclasında Nizamnamənin 6.1 və 6.2-ci bəndlərini rəhbər tutaraq 19 iyul 2024-cü il tarixdə Birliyin Növbədənkənar Konfransı keçirilib və Birliyin seçkili orqanlar yenidən formalaşıb.
Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin elanında qeyd olunub.
Hazırda qanunvericilikdə nəzərdə tutmuş qaydada qəbul edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınma prosesi davam edir. Lakin buna baxmayaraq, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyəti qeyd edir ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Dövlət Qeydiyyatı haqqında Reyestrdən çıxarışa əsasən, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin seçkili İcra Orqanlarının səlahiyyətləri 20.05.2025-ci il tarixədək qüvvədədir.
Qeyd edilənləri nəzərə alaraq elan olunur ki, 20.05.2025-ci il tarixdən sonra “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin adından çıxış edən şəxslər səlahiyyətsizdir və Birliyin İdarə Heyətinin sədrinin və üzvlərinin adından çıxış edilməsi cinayət xarakterli əməl olaraq, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilərək, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquq mühafizə orqanlarına müraciət ediləcək”, - cəmiyyətdən bildirilib.