Ötən il 35 nəfərə yaxın donoru tapılmayan talassemiya xəstəsi sümük iliyinin transplantasiyası üçün Azərbaycandan Türkiyəyə göndərilib.
Bu barədə "Report"a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova məlumat verib.
Onun sözlərinə görə, sümük iliyi nəqli əməliyyatı üçün ötən il Türkiyəyə göndərilən talassemiyalı pasiyentlərin sayı 2023-cü illə müqayisədə artıb və gələcək illər üçün də limitin artırılması mümkün ola bilər:
"Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb və mərkəz 2023-cü ildən etibarən sümük iliyinin transplantasiyasının təkmilləşdirilməsi proqramına başlayıb. Proqram fəaliyyətə başladığı il ərzində 25 nəfərə yaxın xəstə, 2024-cü ildə isə 35 nəfər donoru tapılmayan talassemiya xəstəsi sümük iliyinin transplantasiyası üçün Türkiyəyə göndərilib. Orada həmin şəxslərə uyğun donor tapılıb və sümük iliyi nəqli əməliyyatı icra edilib".