Hindistanın Pakistana hücumundan sonra iki nüvə dövləti arasında gərginlik davam edir. Hindistanın dünənki hava hücumlarına dərhal qarşılıq verən Pakistan düşmənin beş döyüş təyyarəsini vurub.
Məlum olub ki, vurulan qırıcılardan 3-ü Hindistanın Fransadan aldığı “Rafale” təyyarələri olub.
Xatırladaq ki, Hindistan Müdafiə Nazirliyi aprelin 28-də Pakistanla müharibə gərginliyinin davam etdiyi bir vaxtda Fransa ilə 26 “Rafale” qırıcı təyyarəsinin alınmasına dair 7,4 milyard dollarlıq müqavilə imzalayıb.
Bir fransız kəşfiyyat rəsmisi də Pakistanın Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” döyüş təyyarəsini vurduğunu etiraf edib. Rəsmi CNN-ə bildirib ki, Fransa rəsmiləri bir gecədə neçə “Rafale” təyyarəsinin Pakistan tərəfindən vurulduğunu araşdırır.
Bir daha xatırladaq ki, Pakistan Çin istehsalı olan J-10C qırıcıları ilə üçü Fransa istehsalı “Rafale” olmaqla, ümumilikdə beş Hindistan döyüş təyyarəsini vurduğunu açıqlayıb.
TAHİR