Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Türkiyə–Azərbaycan Universitetində keçirilən “Milli Qida Texnologiyası Platformasının Yaradılması və Kənd Təsərrüfatı-Qida Sektoru Strateji Tədqiqat və İnnovasiya Gündəliyi: Baxış 2030 proqramının hazırlanması” adlı toplantıda iştirak ediblər.
Görüşdə ATMU-nu mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, dosent Çingiz Əliyev, baş müəllim Həlilə Məmmədova təmsil ediblər.
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti təmsilçilərinin qatıldığı məclisdə ATMU-nun kafedra müdiri N. Quliyev universitetin strateji hədəflərində tələbə-müəllim mübadiləsinə böyük önəm verildiyini, tələbələrin Türkiyənin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandıqlarını deyib.
Beynəlxalq əməkdaşlıq əlaqələrininin genişləndirilməsi platformasında Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramının uğurlu həlli məsələsinin önəmliliyi diqqətə çatdırılıb. Mehmanxana və restoran biznesi kafedrası tərəfindən sənaye və ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə vaxtaşırı elmi-praktik seminarların keçirildiyi bildirilib.
Türkiyə–Azərbaycan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev, prorektoru, professor Mehmet Şimşir, toplantıya onlayn formatda qatılan Haccettepe Universitetinin professoru doktor Vural Gökmən Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri ilə adıçəkilən tədbirdə fikir mübadiləsinin təşkilindən məmnunluqlarını bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, xatirə şəkilləri çəkilib.
Z. HÜSEYNOVA
XQ