AZ

“Turkish Airlines” Antalya, Dalaman və Bodrumdan Rusiyaya aviareysləri ləğv edib

Moskva, 8 may, AZƏRTAC

“Turkish Airlines” aviaşirkəti Türkiyənin Antalya, Dalaman və Bodrum kurortlarından Rusiyaya mayın 8-nə planlaşdırılan bütün reysləri ləğv edib.

AZƏRTAC xəbər verir ki, turizm sənayesindəki mənbənin verdiyi məlumata görə, səfərin ləğvinə səbəb Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Moskvaya kütləvi hücumudur və bu, paytaxt hava limanlarında müvəqqəti məhdudiyyətlərə səbəb olub.

Uçuşların təxirə salınması nəticəsində onlarla rusiyalı turist Vnukovo hava limanında öz reyslərini gözləyib. Sərnişinlər mehmanxanada yerləşdirilir və yeməklə təmin olunurlar, lakin hava limanına yaxın mehmanxanaların sayı məhdud olduğundan yerləşmə ilə bağlı çətinliklər yaranır.

“Turkish Airlines” agentlər və turoperatorlar vasitəsilə sərnişinlərə yeni reyslər haqqında məlumat verərək, ləğv edilmiş uçuşların vaxtını yaxın gələcək üçün dəyişdirməyi planlaşdırır. Müştərilərin bir hissəsi Türkiyəyə təkcə bu “Turkish Airlines”ın reysləri ilə deyil, digər aviaşirkətlərin, məsələn, “AZUR air”in bortunda da göndəriləcək.

Sərnişinlərə uçuş statusu və mümkün cədvəl dəyişiklikləri haqqında ən son məlumat almaq üçün aviaşirkət və ya turoperatorla əlaqə saxlamaları tövsiyə olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
0
10
azertag.az

10Mənbələr