Azərbaycanın kritik infrastrukturun təhlükəsizliyinin təmin olunmasına dair yanaşması mayın 6-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən Dubay Dünya Ticarət Mərkəzində keçirilmiş, kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən nüfuzlu platformalardan biri olan “GISEC Global 2025” tədbirində təqdim olunub.
“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bunu qurumun baş idarə rəisi Azər Əhədov bildirib.
Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayan A. Əhədov ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ardıcıl və kompleks tədbirlərin həyata keçirildiyin qeyd edib.
Eyni zamanda bu il oktyabrın 9-10-da XRİTDX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusuna həsr olunacaq “CIDC-2025” tədbirinin keçiriləcəyi “GISEC Global 2025” iştirakçılarının diqqətinə çatdırılıb.
Xatırladaq ki, 160 ölkədən 18 mindən artıq informasiya təhlükəsizliyi mütəxəssisi, hökumət rəsmiləri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və 750-dən çox nüfuzlu brendi bir araya gətirən “GISEC Global 2025”in keçirilməsinin əsas məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində ən son tendensiyalar, generativ süni intellekt, kvant kriptoqrafiyası, eləcə də zərərli proqram təminatı, dipfeyk texnologiyası ilə həyata keçirilən dələduzduq və süni intellektlə idarə olunan fidyə proqramları (ransomware) kimi aktual kibertəhdidlərə qarşı mübarizə yollarının müzakirəsi, bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin təşviq olunmasından ibarətdir. Tədbir BƏƏ Kibertəhlükəsizlik Şurası, BƏƏ Daxili işlər Nazirliyi, Dubay Polisi və Dubay Elektron Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.