BAKI, 8 may. TELEQRAF
Dayanacaqlarda, küçələrdə divarlara yapışdırılmış “Tibb bacısı kursları” elanlarını yəqin ki, hamımız görmüşük. Sosial mediada, daha çox “İnstagram” platformasında bu cür kursları reklam edən kifayət qədər səhifələr var (daha çox iş elanları səhifələrində qarşınıza çıxa bilər).
Bu kurslar necə və harada fəaliyyət göstərir? Orda “təhsil verən” müəllimlər (yaxud həkimlər) kimlərdir? Bu kursları bitirib hansı tibb müəssisələrində işləmək olar? Bir neçə aylıq kurs keçmək xəstəxana və ya klinikalarda tibb bacısı kimi fəaliyyət göstərməyə kifayət edirmi?
Teleqraf məsələ ilə bağlı araşdırma aparıb.
Araşdırmaya ilkin olaraq bu tip elanlardakı nömrələrə zəng etməkdən başladıq. Bir neçə elanla əlaqə saxlasaq da, əksəriyyəti eyni şeyləri təkrarladı: tibbi bilikləriniz yoxdursa belə, bu kurslara yazılıb bir neçə ay ərzində tibb bacısı ixtisasına yiyələnə bilərsiniz.
Kursların ünvanı, orada “təhsil verən” müəllim və ya həkimlərin kimliyi, praktikaya göndəriləcək klinikaların adlarını çəkmədən “gəlin, kursa başlayın, hər şeyi biləcəksiniz” dedilər.
Özünü Murad müəllim kimi təqdim edən bir nəfər də kurs tələbələrinin Yeni Günəşli və Sabunçudakı özəl klinikalara praktikaya göndərildiyini, kursda dərslərin Elmira həkim tərəfindən keçirildiyini bildirdi. Murad müəllim dedi ki, kurslar tələbələri işlə təmin etmək məsuliyyəti daşımır, amma adamın varsa özəl klinikalarda rahatca işə düzələ bilərsən.
Qeyd edək ki, bu tip kurslarda aylıq ödəniş də aşağı-yuxarı eynidir: 35-50 manat.
Bu tip kursları bitirənləri tibb müəssisələrində işə götürürlər?
Mövzu ilə bağlı TƏBİB-ə sual ünvanladıq. TƏBİB-dən bildirildi ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il № 344 Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”na uyğun olaraq 1 yanvar 2025-ci il tarixindən etibarən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Səhiyyə Nazirliyindən isə dedilər ki, tibb kurslarının təşkil edildiyi müəssisələr orta ixtisas tibb təhsili müəssisəsi olmadığı üçün onlar tərəfindən verilən sənədlər əsasında orta tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Orta ixtisas tibb təhsili dövlət tibb kolleclərində həyata keçirilir
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən ölkəmizdə ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Orta ixtisas tibb təhsili dövlət tibb kolleclərində həyata keçirilir”.
Tibb eksperti Aydın Əliyev isə hesab edir ki, bu tip kurslar peşəkar tibb bacısı mütəxəssisi hazırlaya bilməz.
“Bu cür kurslarda bir neçə aylıq təhsil almaqla tibb bacısı kimi işləmək mümkün deyil. Bu kursları bitirənlər hansısa həkimin, mütəxəssisin yanında köməkçi kimi işləyə bilərlər. Ona görə də bu tip kursları ləğv etmək daha yaxşı olardı”.
Bəs bu kurslara fəaliyyət göstərmək üçün lisenziya tələbi varmı?
İqtisadiyyat Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, ixtisasartırma kursları kimi nəzərdə tutulan tibb bacısı kurslarının fəaliyyəti üçün lisenziya tələb olunur.
“Bu kurslar üçün lisenziya verildikdə isə Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin rəyi alınır”.
Elm və Təhsil Nazirliyi isə sözügedən kurslarda “Tibb bacısı (qardaşı)” ixtisası üzrə kadr hazırlığının qanunla nəzərdə tutulmadığını bildirir.
“Tibb bacısı (qardaşı) işi” ixtisası üzrə kadr hazırlığı əvvəllər orta ixtisas təhsil pilləsi üzrə, hazırda isə yalnız ali təhsil pilləsi üzrə ali təhsil müəssisələrində həyata keçirilir”.
Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının dosenti və İctimai Səhiyyə fakültəsində “Tibb bacısı işi” ixtisası üzrə koordinatoru Fəxriyyə Məmmədova mövzu ilə bağlı suallarımızı cavablandırarkən bu tip kurslarda peşəkar tibb bacısı kadrları hazırlamağın mümkün olmadığını qeyd etdi.
“Sirr deyil ki, belə bir kurslar mövcuddur. Bu o qədər də xoşagələn hal deyil. Hazırda tibb bacıları və tibb qardaşlarının təhsili kolleclər və ATU-da həyata keçirilir. 3 il kollecdə və 4 il ATU-da keçilən fənlərin hamısı yüksək peşəkarlığa malik olan mütəxəssis hazırlamaq üçün vacibdir. Bütün bu tədris illərində tibb bacıları/qardaşları onlara gündəlik fəaliyyətində lazım olan bilik və bacarıqları əldə edirlər, bu da yaxşı mütəxəssis olmağın mühüm şərtlərindəndir. Məhz bu halda ehtiyacı olan insanlara yüksək səviyyəli tibbi xidmət, onların sağlamlığını təhlükə altında qoymadan tibbi dəstək göstərmək mümkündür. Buna görə də bir neçə aylıq kurslarda kifayət qədər vaxt sərf etmədən və əhəmiyyətli bilik və bacarıqlara yiyələnmədən, yüksək peşəkarlığa malik olan tibb bacısı/qardaşı olmaq çox az inanılan məsələdir. Yaxşı olar ki, bu ixtisasda özlərini görən gənclərimiz orta və ali təhsil müəssisələrinə daxil olaraq, burada təhsil alsınlar və gələcəkdə insanlara həqiqi faydalı kömək göstərə bilsinlər.
ATU-da 2020-ci ildən “Tibb bacısı işi” ixtisası tədris olunur
Dosent Fəxriyyə Məmmədova deyir ki, Azərbaycan Tibb Universitetində 2020-ci ildən İctimai səhiyyə fakültəsinin nəzdində “Tibb bacısı işi” ixtisası tədris olunur.
“Tədris bakalavr səviyyəsində həyata keçirilir və artıq bu il ikinci buraxılışımız gözlənilir. Hələ ki, ayrıca kafedra yaradılmayıb, təhsil İctimai Səhiyyə və digər fakültələrin kafedralarında müxtəlif fənlər üzrə həyata keçirilir. Buranı bitirib bütün tibb müəssisələrində tibb bacısı/qardaşı işləmək mümkündür”.
Buranı bitirməyin üstünlükləri nədir?
F. Məmmədova deyir ki, ATU-da bakalavr pilləsində təhsil alan tələbələrin fərqi ondan ibarət olacaq ki, onlar balonya sisteminə müvafiq olaraq, sonrakı təhsillərini magistratura və doktorantura pillələrində davam edə biləcəklər.
"Tibb bacısı işi" ixtisasında tədrisi məhz ali təhsilli tibb bacıları və qardaşları həyata keçirməlidirlər
“Bu da bütün aparıcı ölkələrin təcrübəsidir. Hazırda 2024-ci il məzunlarımızdan magistraturada təhsil alanlarımız var, onlar təhsillərini bitirdikdən sonra müəllim kimi fəaliyyət göstərə bilərlər – bu da müasir tələblərdən biridir ki, tibb bacısı işi ixtisasında tədrisi məhz ali təhsilli tibb bacıları və qardaşları həyata keçirməlidirlər. Hazırda ATU-nun nəzdində bu ixtisas üzrə yeni magistr proqramlarının açılması üzərində iş aparılır”, - F. Məmmədova vurğulayıb.
Tibb təhsili olmayan “iynə vuranlar”, “sistem qoşanlar”
Heç bir tibb təhsili olmayan şəxslərin də “iynə vuran”, “sistem qoşan” kimi “fəaliyyəti” ilə də rastlaşırıq. Onların bu işi hansı problemlərə, həyati təhlükələrə yol aça bilər?
Nizami Tibb Mərkəzinin həkim-terapevti Könül Muxtarova deyir ki, bəzi inyeksiyalar riskli ola bilər və yalnız ixtisaslı tibb personalı tərəfindən ev şəraitində yox, poliklinikada vurulmalıdır.
“Çünki fərqli preparatlar fərqli reaksiya verə bilər. Bunlardan bir neçəsini sadəcə məlumat üçün yaza bilərəm. Məsələn, antibiotiklər güclü allergik reaksiya (anafilaksiya), bəzi vitaminlər, xüsusən B12 vitamini toxuma zədələnməsi, abses, sinir iflici yarada bilər. İltihabəleyhinə dərmanlar (diklofenak, ketorolac və s.) bəzən mədə-bağırsaq qanaxması və ya allergik reaksiya verə bilər. Hətta bizim şəkərli diabet olan pasiyentlərimizə insulin təyin etdikdə ilk dozanı özlərinin yox, ixtisaslı tibb bacısının vurmasını tövsiyyə edirik. Çünki doza səhvi hipoglikemiyaya, yəni qanda şəkərin miqdarının təhlükəli dərəcədə düşməsinə səbəb ola bilər.
Qeyri-ixtisaslı şəxslərin iynə vurması hansı problemlərə yol aça bilər?
1. Anafilaktik şok zamanı müdaxilə edə bilməmək
2. İynənin sinirə, damara, ya da sümüyə vurulması
3. Steril olmayan şəraitdə infeksiya (abses, sepsis)
4. Dərman dozalarının səhv hesablanması
5. Əzələdaxili yerinə damar daxilinə vurulması və zəhərlənmə
6. Qanaxma və ya hematoma səbəb olmaq (ciddi həyati təhlükə daşıyır)
Həkim Könül Muxtarova qeyd edir ki, tibb bacıları yalnız iynəni vurmaqla kifayətlənmirlər – iynədən əvvəl dərman uyğunluğunu yoxlayır, reaksiya riskini qiymətləndirir, təcili yardım tədbirlərini bilirlər.
“Həkim təyinatına uyğun olaraq müalicəni və yazılan inyeksiyaları yaxınlıqdakı poliklinikanın inyeksiya üçün nəzərdə tutulmuş kabinetində etdirmək vacibdir”.