Milli Məclisin bugünki xüsusi iclası “Konstitusiya və Suverenlik İli”nə həsr olunub və Ümumilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasımıza xüsusi əhəmiyyət verir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir: “Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ Mühaibəsi və anti-terror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir. Müasir Azərbaycanın tarixi Ulu öndər Heydər Əliyevin milli qurtuluşun təcəssümünə çevrilən fəaliyyəti ilə qırılmaz sürətdə bağlıdır. Ulu öndər xalq və dövlət yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünki və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq”.
Spiker qeyd edib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalmışdı: “Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı, separatizm meyllərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, prezident seçilməsi hadisələrin qarşısını almağa, ölkədəki vəziyyəti sabitləşdirməyə imkan verdi. Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və zəngin dövlətçilik təcrübəsi ilə qardaş qırğının qarşısını almağa, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməyə nail oldu. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamız dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər”