AZ

BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan beynəlxalq elmi konfrans keçirilib » AzadMedia.az


Mayın 7-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda XVI beynəlxalq elmi konfransı keçirilib. Konfransda BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Musa Qasımlı, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Akaka Tsereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze, Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin sabiq hərbi attaşesi, təqaüddə olan general, Şuşa Azərbaycan Evi İdarə Heyətinin üzvü Yücel Karauz iştirak ediblər.

İlk olaraq beynəlxalq elmi konfransın iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları BSU-da təşkil olunan Ulu Öndər Heydər Əliyevə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” şüarı altında keçirilən beynəlxalq konfransın Ulu Öndər Heydər Əliyevin yaratdığı milli və dövlətçilik irsinin öyrənilməsi, tədqiqi məqsədini daşıdığını qeyd edərək qlobal səviyyədə diskussiya platforması kimi fəaliyyət göstərdiyini bildirib. Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlar kontekstində yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz və daha geniş coğrafiyanın gələcəyinin də müzakirə mövzusuna çevrildiyini vurğulayıb.

A. Nağıyev bildirib ki, Azərbaycanın regional liderliyə doğru gedən yolu, bu liderliyin yaratdığı etibarlı tərəfdaşlıq və əməkdaşlıq mühiti siyasi elmin əsas tədqiqat istiqamətlərindən birinə çevrilib. Rektor qeyd edib ki, ölkənin qazandığı uğurların ideoloji əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Ulu Öndər Heydər Əliyevin milli ideologiyası – xalqımızın tarixi, mədəni və mənəvi dəyərlərinə söykənən bu konsepsiya müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir.

Çıxışı zamanı A.Nağıyev vurğulayıb ki, milli dövlət ideologiyası, milli kimlik, milli məfkurə və dövlət quruculuğu məsələləri yalnız siyasi elmin deyil, eyni zamanda fəlsəfə, sosiologiya və tarix elmlərinin də əsas tədqiqat mövzusudur. Azərbaycançılıq ideologiyası sosial-siyasi elmlərin müxtəlif aspektlərini əhatə etməklə xalqımızın müasir inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.

Rektor diqqətə çatdırıb ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev heç bir xarici təsirə xidmət etməyən siyasi lider olaraq, dövlətin müstəqilliyini və xalqın rifahını hər şeydən üstün tutaraq “Azərbaycanın gələcəyi naminə hər cür fədakarlığa hazıram” prinsipini həyat amalına çevirmişdir. Məhz Ulu Öndərin rəhbərliyi ilə iqtisadi inkişafın təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb, ölkənin parçalanmasının və işğalın qarşısını alan atəşkəs sazişi əldə olunub, 1995-ci ildə qəbul edilən Konstitusiya isə dövlətçiliyin hüquqi əsaslarını möhkəmləndirib. Rektor bildirib ki, bütün bu tarixi hadisələrin mərkəzində məhz Azərbaycançılıq ideologiyası dayanır.

A. Nağıyev qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün də milli həmrəyliyin, dövlət suverenliyinin və Azərbaycançılıq ideologiyasının güclü dayağı kimi aktuallığını qoruyur. Onun irsinin öyrənilməsi, tədqiq olunması və gələcək nəsillərə ötürülməsi yalnız keçmişi anlamaq baxımından deyil, həm də ölkəmizin gələcək inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun misilsiz fəaliyyəti xüsusi vurğulanmalıdır.

Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə elm və təhsilin inkişafında mühüm irəliləyişlər əldə olunduğunu, yeni təhsil müəssisələri yaradıldığını, ali təhsil alan mütəxəssislərin sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edib. A.Nağıyev bildirib ki, bu prosesin, bütövlükdə, insan kapitalının formalaşdırılması istiqamətində atılmış strateji addımların tərkib hissəsidir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün Azərbaycan insan kapitalının inkişafı üzrə qlobal indekslərdə yüksək nəticələr göstərməkdədir. Çıxışının davamında rektor bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən qəbul edilən milli inkişaf prioritetlərinin mərkəzində isə rəqabətqabiliyyətli, intellektual, inklüziv və yüksək rifaha malik cəmiyyətin formalaşdırılması dayanır. Bu gün əminliklə demək olar ki, Azərbaycanın multikultural həyat tərzi və inkişaf etmiş insan kapitalı ölkəmizin regional liderliyini təmin edən əsas amillərdəndir.

Anar Nağıyev çıxışında Azərbaycançılıq ideologiyasının yalnız milli dövlət quruculuğunda deyil, həm də qələbənin təmin olunması və gələcək inkişafın konturlarının müəyyən edilməsində mühüm ideoloji platforma rolunu oynadığını bildirib. Onun sözlərinə görə, bu ideologiya əsasında formalaşmış dövlət siyasəti ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına gətirib çıxarılıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ilin 19 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyi bərpa olunub və ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Rektor çıxışı zamanı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin bütün siyasi fəaliyyəti məhz Azərbaycançılıq ideologiyası üzərində qurulub. Bu ideologiya əsasında inkişaf etmiş milli dövlətçilik modeli, Azərbaycanda multikultural dəyərlərin və birgə yaşayışın formalaşması BSU-nun keçirdiyi elmi-praktik konfransların əsas tədqiqat mövzularından biri olub.

A.Nağıyev çıxışında qeyd edib ki, bu gün biz tariximizin ən güclü dövrünü yaşayan müstəqil, suveren və qalib Azərbaycan vətəndaşları olaraq Prezident İlham Əliyevin dediyi kimi, müstəqil siyasətimizi qətiyyətlə davam etdiririk. Azərbaycanın COP29 çərçivəsində həyata keçirdiyi təşəbbüslər, Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı qlobal səylərə verdiyi töhfə, müstəmləkəçiliyə qarşı qaldırdığı səs və qlobal Cənub ilə Şimal arasında körpü rolunu üzərinə götürməsi ölkəmizin beynəlxalq dialoqa, sülhə və inklüziv inkişafa verdiyi töhfənin göstəricisidir.

Rektor bildirib ki, bu ideoloji və siyasi miras yalnız gələcək inkişaf üçün dayanıqlı təməl deyil, eyni zamanda sosial elmlərin əsas tədqiqat mövzusudur. Ulu Öndərin irsinin və Azərbaycançılıq məfkurəsinin öyrənilməsi və onların dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi ali təhsil müəssisələri və tədqiqatçılar qarşısında duran prioritet vəzifələrdəndir.

Çıxışın sonunda rektor A.Nağıyev yeni dövrün qarşıya qoyduğu mühüm məsələlərdən biri kimi Cənubi Qafqazın təhlükəsizlik kompleksinin mərkəzində yer alan Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələlərinin ciddi müzakirə mövzularından olduğunu vurğulayıb. O, BSU-nun Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin bu sahədə tədqiqatlara töhfə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, Mərkəzdə müxtəlif slavyan mənbələrinin tədqiqi nəzərdə tutulmuş, “Qayıdış Konsepsiyası” universitetdə tədris edilən bütün dillərə tərcümə olunmuşdur.

Redaksiya heyətinin sədr müavini Elnur Kəlbizadə bildirib ki, BSU-nun ev sahibliyi ilə keçirilən beynəlxalq konfransa bu il də böyük maraq göstərilib. Məruzəçi kimi iştirak etmək üçün 5 ölkədən 255 müraciət daxil olub və onlardan 167-si qəbul edilib. E. Kəlbizadə qeyd edib ki, redaksiya heyəti məruzələri üç mərhələdə – uyğunluq, anonim qiymətləndirmə və plagiat yoxlaması əsasında seçib. O, əlavə edib ki, konfransda 16 yerli elmi və ali təhsil müəssisəsi, 1 orta məktəb, 2 dövlət qurumu, həmçinin Türkiyə, Özbəkistan, Gürcüstan və Şimali Makedoniya kimi ölkələrin nüfuzlu universitetlərinin nümayəndələri iştirak edirlər.

Konfransda çıxış edən Milli Məclisin sədr müavini Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamı olaraq mümkün olmuşdur. O vurğulayıb ki, bu siyasi kursun davam etdirilməsi müasir Azərbaycanın qurulması ilə yanaşı, dövlətin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına gətirib çıxarmışdır.

BANM-in rektoru Elmar Qasımov çıxışında Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu ən dəyərli ideyalardan birinin Azərbaycançılıq fəlsəfəsi olduğunu bildirib. E. Qasımov qeyd edib ki, hər bir azərbaycanlı ölkəmizin davamlı inkişafı və növbəti zəfərləri üçün çalışmalı, gənc nəslin dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi, ali təhsil müəssisələrində isə dövlət siyasətinin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin və onun ideyalarının həyata keçirilməsinin ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirərək ölkəmizə ardıcıl qələbələr bəxş etdiyini qeyd edib, xalqımızın doğma yurdu olan Qərbi Azərbaycana da qovuşacağına inamını ifadə edib.

BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, zəngin etnik tərkibə malik olan Azərbaycanda birgəyaşayış və multikultural dəyərlər milli birliyin əsas rəmzinə çevrilmişdir. O, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası prosesində xalqımızın “dəmir yumruq” kimi birləşməsi ilə bağlı fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Türkiyə Respublikasının Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu tədbir iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən tarixi missiyaların önəmini vurğulayıb. Rektor BSU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze Azərbaycan və Gürcüstan arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirərək Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevə olan sevgisi və ehtiramını böyük rəğbətlə vurğulayıb. O, təmsil etdiyi universitetlə BSU arasında müəllim və tələbə mübadiləsinin aparıldığını qeyd edib, bu əməkdaşlığın davamlı olmasını arzulayıb.

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin sabiq hərbi attaşesi, Şuşa Azərbaycan Evi İdarə Heyətinin üzvü, təqaüddə olan general Yücel Karauz isə çıxışında Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü sistemli və ardıcıl işlərdən danışıb. O, Azərbaycan-Türkiyə arasında mövcud hərbi əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi təhsil istiqamətində də davam etdirildiyini və uğurla inkişaf etdiyini vurğulayıb.

Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb. İki gün davam edəcək konfrans daha sonra işini bölmə iclasları ilə davam etdirib.


















Seçilən
0
9
azadmedia.az

10Mənbələr