Yer səthinin böyük hissəsini təşkil edən okeanların dərin hissəsi hələ də insanlıq üçün sirr olaraq qalır. "Ocean Discovery League" və "Scripps Okeanoqrafiya" institutları və Boston Universitetinin birgə apardığı yeni araşdırma, dərin dəniz dibinin nə qədər az hissəsinin vizual olaraq qeydə alındığını ortaya qoyub.
Sfera.az xəbər verir ki, məlumata görə, son 67 ildə aparılan minlərlə dərin dəniz araşdırmalarına baxmayaraq, bu ekosistemin cəmi 0.0006–0.001 faizi vizual olaraq sənədləşdirilib. Bu rəqəm, təxminən 3 823 kvadrat kilometrə bərabərdir ki, bu da Belçikanın onda biri qədər böyük bir ərazidir.
Məlumata görə, okeanlar Yer səthinin 66 faizini əhatə etsə də, onların əksəriyyəti hələ də tədqiq olunmayıb. Vizual qeydlərin 30 faizi 1980-ci ildən əvvəl, aşağı keyfiyyətli qara-ağ şəkillərdən ibarətdir.
Tədqiqatçılar, 200 metrdən dərin 43 minə yaxın dalışı araşdıraraq bu sahədəki tarixi inkişafı təhlil ediblər. 1960-cı illərdən bəri dərin dalışların sayı dörd dəfə artsa da, zamanla bu araşdırmalar daha çox sahil sularında cəmləşib. 1970-ci illərdə dalışların 60 faizi 2 000 metrdən dərin aparıldığı halda, bu göstərici günümüzdə 25 faizə düşüb.
Hazırda dünyanın dərin okeanlarını ən çox tədqiq edən ölkələr ABŞ, Yaponiya, Yeni Zelandiya, Fransa və Almaniyadır.
"Ocean Discovery Leaguein"in rəhbəri və tədqiqatın baş müəllifi Ketrin Bell dərin okeanların qorunması üçün təcili addımlar atılmalı olduğunu bildirib. O, qeyd edib ki, iqlim dəyişikliyi və potensial mədən fəaliyyəti kimi təhlükələr qarşısında bu qədər böyük bir sahənin kifayət qədər öyrənilməməsi elmi və siyasi baxımdan ciddi risklər yaradır.
Bell və komandası hesab edir ki, dünya üzrə 1 000-dən çox tədqiqat platforması qurulsa belə, okean dibinin tam vizuallaşdırılması üçün 100 000 il lazım olacaq.
Mütəxəssislər bu araşdırmanın nəticələrinin qlobal miqyasda dərin dəniz araşdırmalarında və siyasətində əsaslı dəyişikliklərə zəmin yaratmalı olduğunu vurğulayırlar.
Bəsti Rəfizadə
Sfera.az