Aprelin 22-də Kəşmirin Hindistan qismində hindus turistlərə edilən hücum nəticəsində 26 nəfərin həlak olması Hindistanla Pakistan arasında 78 ildir uzanan ixtilafı yenidən alovlandırdı. Söz atışmaları, bir-birini hədələmə, nəhayət, ötən gecə Hindistan qüvvələrinin öz təbirlərincə desək, “Sinqur əməliyyatı” başlatması və Pakistanın nəzarətindəki Kəşmir bölgəsində yerləşən 9 obyektə zərbə endirməsi ilə nəticələndi.
Təbii ki, Pakistan da öz qüvvəsini cavab zərbələri endirməklə göstərdi, Hindistanın 5 təyyarəsini, neçə müasir pilotsuz silahlı hücum aparatını məhv etdi. Bu da azmış kimi, ordunun təmas xətti boyunca bütün hind əsgəri mövqelərini atəşə tutdu. Cavab o qədər güclü olub ki, qısa vaxtda Hindistanın bir neçə hərbi postu təslim bayrağı qaldırıb.
Dünya liderləri də səssizliyini pozdu: 78 ildir davam edən münaqişənin ədalətli həlli üçün səy göstərməyən, ən azından, BMT TŞ-nın Kəşmirdə heç bir basqı olmadan bölgənin statusunu təsdiqləyəcək ümumxalq referendumunun keçirilməsi barədə qərarının rəsmi Dehli tərəfindən bloklanmaması üçün səsini belə çıxarmayan ABŞ, Kəşmirin bir hissəsini əlində saxlayan Çin, hazırda Pakistana qarşı Hindistanı silahlanmasına mühüm rol oynayan Fransa (vurulan beş təyyarədən ikisi məhz Fransa istehsalı Rafale qırıcılarıdır – V.T.), ən əsası bu münaqişəni 78 il öncə yaradan Böyük Britaniya tərəfləri “gərginliyi azaltmağa” çağırıb.
Hə, Azərbaycan və qardaş ölkə Türkiyyə də bəyanatla çıxış edib. Bu iki ölkənin bəyanatı təmkinli olmağa dəvətlə yanaşı, həm də Pakistana açıq dost dəstəyi ismarıcı da çatdırdı...
Bütün bunlar məsələnin hamı tərəfindən görünən hissəsidir. Bəs münaqişənin kökündə nə yatır? Hindistan və Pakistanın 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu günədək uzanan yeganə problemi olan Kəşmir zaman-zaman iki ölkə arasında müharibələrə səbəb olub. Bu arada sual yaranır: Kəşmir keçmiş ingilis müstəmləkəsi olan vahid Hindistanın varisi sayılan müasir Hindistan dövlətinin sərhədləri daxilində qalmalıdır, yoxsa eyni dini (İslam) bölüşdükləri Pakistana birləşməlidir, bəlkə müstəqilliyini elan etməlidir?
Məsələni tarixi-siyasi müstəvidə daha yaxşı anlamaq üçün keçmişi vərəqləmək, bölgənin 1947-ci ilə qədər qısa tarixini, Hindistan və Pakistan müstəqillik qazandıqdan sonra Kəşmirin vəziyyətini və coğrafiyası ilə birlikdə demoqrafik quruluşunu bilmək faydalıdır.
Coğrafiyası və demoqrafik quruluşu
Hindistan, Əfqanıstan, Pakistan və Çinlə həmsərhəd olan Kəşmir bölgəsi 15 iyun 1947-ci ildə qəbul edilən “Hindistan Müstəqillik Bəyannaməsi” ilə Hindistan Krallığından müstəqilliyini əldə edib. O vaxtdan bəri Pakistan - Hindistan əlaqələrində ən köklü çıxılmaz problemlərdən olan Kəşmir məsələsi keçmişdə olduğu kimi bu gün də öz əhəmiyyətini qoruyub-saxlayır.
Kəşmirin ümumi sahəsi 222,236 kvadratkilometr, əhalisinin ümumi sayı 20 milyondan çox olsa da, qeyd etdiyimiz kimi, Hindistan, Pakistan və Çin arasında üç yerə parçalanıb. Çox da maraqlıdır ki, bu üç ölkənin hamısı bölgə üzərində haqları olduğunu isbatlamağa çalışır.
1. Kəşmirin 1947-ci ildən Hindistanın nəzarətində qalan 101378 kvadratkilometrlik ən böyük hissəsi Cammu-Kəşmir adlanır. Kəşmir hissədə əhalinin sayı 6 milyon civarında və böyük hissəsi müsəlmanlardır. Cammuda isə 4 milyon civarında əhalinin olduğu qeyd edilir ki, onların da 40 faizə qədəri müsəlmanlardır. Ladax bölgəsində əhalinin sayı yarım milyon nəfər olmaqla, çoxu müsəlmandır.
2. 1947-ci ildən Pakistanın nəzarətinə keçən 78114 kvadratkilometrlik hissəyə “Azad Kəşmir” adı verilib. Əhalinin sayı Azad Kəşmirin şərq bölgəsində 5 milyondan çox, Gilgit rayonunda isə 3 milyon civarında, toplamda 9 milyon nəfər olduğu qeyd edilir. Əhalinin 99 faizi müsəlmanlardır.
3. Şimalda, Çin tərəfindən işğal olunan 42735 kvadratkilometrlik Şahqam vadisi və şərqdə 1962-ci ildən Çinin işğalı altında olan Aqsa hazırda Çinin Sincan Uyğur Muxtar Rayonunun bir hissəsidir. Əhalinin nəinki milli tərkibi, ümumiyyətlə sayı barədə dəqiq məlumat verilmir.
Kəşmir 1947-ci ildən öncə
Kəşmir zaman-zaman Hindistana giriş qapısı rolunu oynayıb. Makedoniyalı İsgəndər bu yolla Hindistana daxil olub. Pandavaların, Kuşanların, Karkotaların və Lohanların hakimiyyəti altında qalan Kəşmir XIV əsrdə müsəlmanlaşıb. Sultan Zeynal Abidin (1422-1474) zamanında özünün ən yaxşı dövrünü yaşayan Kəşmir 1587-ci ildə Əkbər tərəfindən işğal edilib. Hindistanda müsəlman dövlətinin imperatoru Avrəngzeybin dövründə 1752-ci ildə Kəşmiri işğal edən əfqanlar Kəşmir xalqına qarşı çox pis davranıblar. Buna görə də Kaşmir xalqı Sinqh istilasına əslində qurtuluş ümidi ilə baxıb, onları xilaskar kimi qəbul ediblər. Sinqhlər əfqanlarla müharibələrdə Doqra sülaləsindən olan Raca Qulab Sinqhdən kömək alırdılar. Qulap Sinq Kəşmirdə sinqhlərlə yaxşı anlaşsa da, Anqlo-Sinqh müharibələri zamanı bitərəf qalıb və daha sonra Britaniyanın tərəfinə keçib. Nəticədə sinqhlər İngiltərəyə məğlub olub və İngiltərə 1846-cı il Amritsar müqaviləsi ilə Kəşmiri suveren elan edib və idarəçiliyini Qulab Sinqhə verib. Məhz bu müqavilə ilə əhalisinin əksəriyyətinin müsəlman olduğu Kəşmirə ilk hindu rəhbər təyin olundu.
Qulab Sinq və ailəsi tərəfindən idarə olunan Kəşmirdə Qulab Sinqhin nəvəsinin oğlu olmadığı üçün idarənin zəifliyi ingilisləri hərəkətə keçirməyə sövq edib və 1889-cu ildə müvəqqəti məclis qurulub. Amma məclis 16 il sonra - tezliklə 1905-ci ildə buraxılıb və köhnə sistem geri qaytarılıb.
Racanın hakimiyyəti altında olan insanlardan ağır vergilər tutulur, kəşmirlilər məhkəməsiz mühakimə olunur və həbs edilirdi. Hindu ənənəsinə görə, müqəddəs sayılan öküz kəsən müsəlmanların cəzası on il həbsdən edama qədər cəza idi. Kəndlilər torpaqsız qalıb, təhsil, sənaye, səhiyyə və digər xidmət sahələri süquta uğrayıb.
1947-ci ildə Hindistanla Pakistan ayrılanda Cammu və Kəşmir əyaləti Sinqh general-qubernatoru (Maharaca) tərəfindən idarə olunurdu. Belə vilayətlərə (Sind, Bəlucistan, Benqal, Pəncab, Heydərabad, Cunaqar və Cammu-Kəşmir) Hindistan və Pakistanla birləşməyi məsləhət görən Britaniya, onların iki meyar əsasında hərəkət etmələrini istəyirdi. Müvafiq olaraq, coğrafi yaxınlıq və əyalətdə yaşayan insanların əksəriyyətinin (müsəlman, hindu və ya sinqh) dini nəzərə alınmalı idi. Heydərabad və Cunaqarda əhalinin əksəriyyəti hindu olsa da, onların hökmdarları müsəlman idi və Hindistan bu əyalətləri zorla da olsa, özünə qoşulmağa məcbur etmişdi. Ancaq 222 min kvadratkilometr ərazisi və 4 milyona yaxın əhalisi olan Kəşmirdə vəziyyət fərqli idi. Kəşmir əhalisinin əksəriyyəti müsəlman olsa da, onların lideri Maharaca Hari Sinqh idi.
Yerli hökmdarları yeni dövlətlərə bağlamaq üçün bəzən güc tətbiq edilirdi. Bavahalpur və Kalat kimi Pakistan sərhədinə bitişik müsəlman hökmranlıqları Pakistanın tərkibinə daxil edilərkən, hinduların əksəriyyət təşkil etdiyi bölgələr də Hindistana birləşdirildi. Cənubi Hindistanın mərkəzi hissəsində yerləşən və əsasən hindulardan ibarət müsəlman Xayrabat sülaləsinin hərbi müdaxilə ilə müstəqil qalmasına mane olarkən, hindu hökmdarının idarə etdiyi və əhalisinin 80 faizi müsəlman olan Cammu və Kəşmir mübahisəli bölgə olaraq qaldı, çünki hökmdar xalqın Pakistanla birləşmək istəyinə baxmayaraq, onların tələbinə mane oldu.
Bundan əlavə, coğrafi olaraq Pakistan sərhədində yerləşən Kəşmir Hindistanla Pakistan arasında bufer zonası təşkil etdi. Bütün yollar Pakistanla birləşirdi, dəmir yolu xətti Pakistandan keçirdi, hətta daşıma və ümumi ticarət Pakistan vasitəsilə həyata keçirilirdi. Kəşmir müsəlmanları hələ də parçalanma ilə bağlı danışıqlar apararkən, Kəşmir Maharacası Pakistanla birləşmək istədiklərini dəfələrlə bildirmələrinə baxmayaraq, Pakistanla birləşməkdən imtina edərək müstəqil qalmaq istəyib. Nəticədə Cammu və Kəşmir əhalisi üsyana başlayıb. Halbuki, general-qubernatorun görməli olduğu iş başqa vilayətlərdəki kimi, xalqın ümumi iradəsinə əməl edərək Pakistanla birlik yolunu seçmək idi. Lakin bunun əvəzinə o, 1947-ci il avqustun 15-də hər iki ölkə ilə müqavilə imzaladı.
Bərəkətli torpaqlar: Kəşmir
Kəşmir iki səbəbə görə Pakistan üçün böyük əhəmiyyət kəsb edir. Əvvəla, əhalisinin 80 faizə yaxını müsəlman olduğundan Pakistanın bir hissəsi hesab olunur və buna görə də Kəşmirdə yaşayan müsəlmanlar da Pakistanla birləşməli olduqlarını dərk edirlər. İkincisi, Kəşmir də Pakistan üçün böyük iqtisadi əhəmiyyət daşıyır. Hind çayı və onun qolları Kəşmirin dağlıq bölgələrindən keçir və buna görə də Pakistan çayın yuxarı axınına nəzarət etmək istəyir.
Bu yerdə xatırladaq ki, elə bu gün Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif su məsələsindən bəhs edib. Bildirib ki, əgər Hindistan Pakistana su axınına mane olacaq hər hansı addım atarsa, birmənalı şəkildə "Pakistanın qırmızı xəttini tapdamış olacaq”. Nazir gələcəkdə su üstündə müharibələr aparılacağı barədə də xəbərdarlıq edib.
Bundan əlavə, Pakistan öz enerji ehtiyacını bu bölgədəki hidroenergetika qurğularından ödəmək niyyətindədir. Hindistan isə əhalisinin 20 faizi hindular olan bölgəyə nəzarətini itirmək istəməməklə yanaşı, Pakistanın nəzarəti ələ keçirməsinə imkan verməyərək bu strateji (Çin-Pakistan-Hindistan) bölgəsini öz suverenliyi altında saxlamağa çalışır...