AZ

Ceyhun Bayramov İraqda

Mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşid tərəfindən qəbul edilib.

Görüş zamanı Azərbaycan və İraq arasında dostluq, əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov ölkələrimiz arasında yüksəksəviyyəli səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, sərmayələr, nəqliyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu qeyd edib.

Beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud birgə fəaliyyətin məmnunluq doğurduğu bildirilib və qarşılıqlı dəstəyin davam etdiriləcəyi ifadə olunub. Qarşı tərəfə postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə və regional sülh gündəliyi barədə ətraflı məlumat təqdim edilib.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), habelə Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərini məmnunluqla xatırlayıb, bu kimi ali səviyyəli təmasların əhəmiyyətindən bəhs edib, ölkə başçısına öz salamlarını çatdırıb.

***

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.

Görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri, Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan və İraq arasında diplomatik münasibətlərin əsasının müstəqilliyimizin bərpasından sonra qoyulmasına baxmayaraq, xalqlarımız arasında əlaqələrin tarixinin daha qədim olduğu məmnunluqla qeyd edilib. Bu dinamikanın qorunub saxlanılması məqsədilə bütün, o cümlədən dövlət, parlament, hökumət, xarici işlər nazirlikləri səviyyələrində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfin bu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.

Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafında mövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “iki dövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeyd edilib.

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın və Azərbaycan–İraq Biznes Şurasının önəmlərinə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.

Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb. Səfər çərçivəsində, həmçinin ADA Universiteti və İraq Respublikasının Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.

***

Xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.

 

Seçilən
0
50
xalqqazeti.az

10Mənbələr