AZ

Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri MƏLUM OLUB

Bakı Moskvaya getmir: “Böyük qardaş” dövrü başa çatdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq. Bu barədə Rusiya artıq rəsmi məlumat yayıb.

Paytaxt.org -un xəbərinə görə, Prezident İlham Əliyevin bu il də Moskva paradında iştirak etməməsi artıq təsadüfi yox, prinsipial mövqe kimi qəbul olunur. Bəzi müşahidəçilər bu addımı sadə bir protokol seçimi kimi qələmə versə də, əslində bu, Azərbaycanın Rusiya ilə münasibətlərində dərin dəyişikliklərin göstəricisidir. Bakı artıq Moskvanın “imperiya tərzində” rəftarını qəbul etmir.

AZAL faciəsi və cavabsız suallar

Azərbaycan ictimaiyyəti hələ də Rusiya hava məkanında baş verən AZAL təyyarə qəzası ilə bağlı rəsmi və inandırıcı izahat gözləyir. Hadisə nəticəsində həyatını itirən Azərbaycan vətəndaşlarının faciəsi ilə bağlı nə məsuliyyət müəyyən edilib, nə də günahkarlar cəzalandırılıb. Moskva isə bu məsələdə susqunluğunu qoruyur. Bu, Bakının gözü ilə baxdıqda, dostcasına münasibətə zidd və məsuliyyətsiz bir davranışdır.

Gizli hücumlar, açıq hörmətsizliklər

Yaxın vaxtlarda baş verən Rusiya mənşəli kiberhücumlar, Azərbaycan informasiya resurslarına qarşı yönəlmişdi və ekspertlər bunun GRU (Rusiya Hərbi Kəşfiyyatı) ilə əlaqəli olduğunu bildirir. Üstəlik, azərbaycanlı millət vəkili Azər Badamovun Rusiya hava limanında alçaldıcı şəkildə deportasiyası vəziyyəti daha da gərginləşdirdi. Bu hadisə Azərbaycanda yalnız narazılıq doğurmadı, həm də “hörmətsizlik aktı” kimi qiymətləndirildi.

Müstəqil siyasət və yeni yanaşma

Bütün bu hadisələr fonunda Azərbaycan rəhbərliyinin mesajı aydındır: Bakı artıq “böyük qardaş kiçik qardaş” münasibətləri ilə barışmır. İndi Azərbaycan müstəqil, prinsipial və balanslı xarici siyasət yürüdən bir dövlətdir. İlham Əliyevin Qərb, Çin, Türkiyə və ərəb ölkələri ilə paralel tərəfdaşlıqları genişləndirməsi də bunun göstəricisidir.

Moskvanın Azərbaycana münasibətdə köhnə yanaşmadan əl çəkməsi zəruridir. Əks halda, formal tərəfdaşlıq belə dağılmaq riski ilə üz-üzə qalacaq. Bakı bu gün hörmət və bərabərlik əsasında əməkdaşlıq istəyir, təzyiq və təkəbbürə yox.

Yaxın qonşuluq yoxsa soyuq məsafə?

Azərbaycanın bu addımı onu göstərir ki, regionda oyun qaydaları dəyişir. Artıq heç bir ölkə, o cümlədən Rusiya, keçmiş SSRİ nostalgiyasına əsaslanan münasibətlərdə üstünlük iddiası ilə çıxış edə bilməz. Yeni dövrdə əməkdaşlıq yalnız qarşılıqlı hörmət üzərində qurula bilər.

Bakı isə bu mesajı təkcə sözlə yox, tutumlu və sükutlu diplomatik jestlərlə verir. Prezidentin Moskva səfərindən imtinası da bu jestlərdən biridir – bəlkə də ən güclüsüdür.

Seçilən
0
10
ekologiya.az

10Mənbələr