Dünyada yeni diplomatik bir hərəkətlilik müşahidə olunur. Reuters agentliyinin yaydığı məlumata görə, Suriya və İsrail arasında münasibətləri normallaşdırmaq üçün gizli görüşlər keçirilir.
Yenisabah.az xəbər verir ki, bu təmaslarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçi rolunda çıxış edir.
İddialara əsasən, Suriya ərazisindəki yeni idarəetmə strukturları İsraillə uzun illərdir gərgin olan münasibətləri yumşaltmaq məqsədilə “arxa qapı diplomatiyası” (yəni ictimaiyyətə açıqlanmayan gizli danışıqlar) çərçivəsində ilk addımları atıblar.
Bu diplomatik təşəbbüsün əsas məqsədi iki ölkə arasında birbaşa əlaqə kanallarının qurulması və mümkün anlaşma zəmininin yaradılmasıdır.
Xatırladaq ki, Suriya ilə İsrail arasında rəsmi diplomatik münasibətlər mövcud deyil və iki ölkə bir neçə dəfə açıq hərbi toqquşma ilə üz-üzə gəlib. Əgər bu məlumatlar təsdiqlənərsə, bu, Yaxın Şərqdə yeni bir mərhələnin başlanğıcı ola bilər.
Mövzu ilə bağlı rəsmi təsdiq və ya təkzib hələlik verilməyib./Musavat.com
Telegram kanalımız