AZ

"Boşanmaların artmasında qadınların işləməyə başlamasının rolu var, amma..." - Sosioloq

Bir sosioloqun "qadınların xəyanət etməsini istəmiriksə, işləməklərinin əleyhinə olmalıyıq" fikri geniş müzakirələrə səbəb olub.

Həqiqətənmi qadınların işləməsi onların xəyanət etməsinə səbəb olur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirdi ki, qadınların işləməsi ilə xəyanət arasında birbaşa əlaqə qurmaq həm elmi cəhətdən əsassız, həm də təhlükəli sosial nəticələr doğura biləcək qədər səthi bir fikirdir:

"Korrelyasiya ayrı şeydir, "causation" yəni, səbəb-nəticə əlaqəsinə sahib olmaq ayrı şey. Qadınların əmək bazarına çıxışının artması ilə qadın xəyanətlərinin artması paralellik göstərir, razıyam, amma bu korrelyasiyadır. Bəsit paralellikdir. Bu, səbəb-nəticə əlaqəsi deyil. Misal verim: Ölkəmizdə hündürmərtəbəli binaların artması ilə, boşanma sayı arasında da korrelyasiya var. Hər ikisi artan istiqamətdədir. Amma bu hələ o demək deyil ki, boşanmaların artma səbəblərindən biri hündürmərtəbəli binalardır. 

Yəni, özünü "sosioloq" adlandıran birinin bu bəsit fərqi anlamaması heç də xoş deyil. Bu fikri son günlər məşhurlaşan iqtisadçı Fərhad Pərvizi də dilə gətirmişdi. Amma bəlkə də bu səhvi ona bağışlamaq olardı, çünki o sosioloq deyil. Hərçənd, iqtisadçılar da statistika elmi ilə yaxından tanış olurlar və belə kobud səhvlər onlara da yaraşmır. Amma bir sosioloqa qətiyyən yaraşmır".

Sosioloq qeyd etdi ki, qadınların ictimai həyatda iştirakının artması xüsusilə əmək bazarına daxil olmaları onların xəyanət faizlərini artırmır, seçim imkanlarını artırır.

"Bu seçimlər bəzən kişilərin istədiyi şəkildə olmaya bilər, amma azadlıq elə məhz budur! Əgər bir qadının işləməsi ona iqtisadi müstəqillik qazandırırsa, bu, onun emosional və fiziki təhlükəsizlik zonasını genişləndirir. Bu isə xəyanətə meylliliyi yox, qərar vermə spektrini artırır. Boşanmaların artmasında qadınların işləməyə başlamasının rolu var. Qadının seçimlərinin artması onu istəmədiyi bir evliliyə məhkum olmaqdan xilas edir. Amma xəyanət ayrı məsələdir. 

Qadınların işləməsinin qarşısını almaqla xəyanət riskini azaldacağını düşünənlər yanılırlar. Bu sadəcə qadının sosial, iqtisadi və psixoloji sərbəstliyini məhdudlaşdırmaq cəhdidir. Cəmiyyətimizin isə belə bir tələbi yoxdur. Bu olsa-olsa kiçik, qorxmuş bir kişi klubunun arzusu ola bilər. Cəmiyyətlər qadını zorla evə həbs etməklə yox, qarşılıqlı hörmət və şəffaf münasibətlərlə, stabil və dayanıqlı ailə modelinə keçid etməklə tərəqqi edə bilərlər", - deyə Yusif Nəbiyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr