AZ

Yaşamaq çox gözəldir, qardaşım! - Etibar Cəbrayıloğlu yazır

Yaşamaq
Etibar CƏBRAYILOĞLU

Həqiqətən də belədir, mübaliğəsiz-filansız. Sevib-seçdiyin, yaxşı bacardığın işlə məşğul olanda həyat bir qədər də gözəl görünür, yaşamağın dadını çıxarırsan.

Əziz dostum, istedadlı aktyor, rejissor, bacarıqlı teatr təşkilatçısı, Əməkdar mədəniyyət işçisi İslam Həsənov ömrü boyu belə yaşayıb. Bu fikri əminliklə yazanda 30 ildən çox müddətdə yaxından tanıdığım, yaradıcılığını, fəaliyyətini diqqətlə izlədiyim İslam qardaşımın şərəfli yolu gözlərim önündə bir kino lenti kimi canlanır.



İslam qardaşım 60 il əvvəl mayın 8-də Lənkəranda dünyaya gəlib. Sənətdə ilk addımlarını ikimiz üçün də doğma sayılan Lənkəran Dövlət Dram Teatrında atıb. Aktyor kimi ilk uğurlarını da bu kollektivdə qazanıb. İllər sonra, daha dəqiqi, 2007-ci ildə Lənkəran teatrına direktor olaraq dönmək də taleyinə yazılıb. Bu məqama yazıda yenidən qayıdacam.

Təhsil aldığı Bakıya yenidən qayıdan İslam Həsənov Dövlət Gənc Tamaşaçılar Teatrında, “Meydan” müstəqil teatrında aktyor kimi çalışıb, bir müddət televiziya sahəsində fəaliyyətini davam etdirib. Dövlət televiziyasında aparıcı, aparıcı-redaktor olub.

Əziz dostumun AzTV-dəki fəaliyyətindən bəhs edərkən bir məqam yadıma düşür. Səhv etmirəmsə 1991-ci il idi, İslam Həsənov əfsanəvi futbol hakimi, Azərbaycanın fəxri Tofiq Bəhramov haqqında dövlət televiziyası üçün veriliş hazırlayırdı. Həmin gün Tofiq müəllimgilə gedəndə məni də özü ilə apardı. Tofiq Bəhramovun “Hökumət Evi”nin yanında yerləşən binadakı mənzilinə getdik, qardaşımın sayəsində əfsanə insanı yaxından gördüm, söhbətlərini canlı dinlədim.

İslam Həsənov uzun müddət Teatr Xadimləri İttifaqında çalışıb, həm Həsən Turabovun, həm də Azər Paşa Nemətin rəhbərliyi dövründə bu qrumda keçirilən festivalların, müxtəlif tədbirlərin hazırlanmasında birbaşa yaxından iştirak edib.



Hə... İndi qayıdaq İslam Həsənovun doğma Lənkərana qayıtmağına. 2007-ci ildə imkanlarına, yaradıcılıq potensialına yaxından bələd olduğu bir kollektivə - Lənkəran Dövlət Dram Teatrına direktor təyin edilir. İlk dəfə belə məsul və çətin vəzifə etibar edilən İslam Həsənov həm öz təşkilatçılıq bacarığını ortaya qoymaq fürsəti qazanır, həm də çox istedadlı bir teatrın imkanlarını bir daha nümayiş etdirmək üçün şərait yaradır. Tezliklə kollektivin fəaliyyətində dönüş yaranır, teatrın repertuar siyasətində dəyişiklik edilir, Lənkəran teatrının sorağı xarici ölkələrdən, qastrollardan gəlir, beynəlxalq festivallara dəvət olunur, tamaşalar hazırlamaq üçün əcnəbi rejissorlar Lənkərana gəlir.

İslam Həsənov direktor kimi çalışdığı yeddi il müddətində Lənkəran səhnəsində bir neçə maraqlı tamaşaya quruluş da verir. O, quruluşçu rejissor kimi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri-xanı Lənkəran”, Qriqori Qorinin “Herostratı unudun”, Savaş Dinçörün “Yaşanmamış gənclik”, Arif Mədətovun “Sezarın qətli” tamaşalarını hazırlayır, maraqlı rejissor yozumu ilə diqqət çəkməyi bacarır.

Onun səmərəli fəaliyyəti Mədəniyyət Nazirliyi rəhbərliyinin diqqətindən yaynmır, 2014-cü ildə Sumqayıt Dövlət Dram Teatrına direktor təyin olunur. Bacarıqlı teatr təşkilatçısının “Gənclik şəhəri”ndəki uğurlu işləri də diqqətdən kənarda qalmır, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə teatrının inkişafındakı xidmətlərinə görə İslam Həsənov “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür.

Yeddi ildən çoxdur ki, o, unikal bir sənət ocağına-sənət yolu və özünəməxsus teatr estetikası ilə seçilən YUĞ Dövlət Teatrına başçılıq edir. Görkəmli və islahatçı rejissor Vaqif İbrahimoğlunun yaratdığı bu kollektivin uğurları, ölkədən kənarda tanınması üçün çalışır. Təsadüfi deyil ki, İslam Həsənovun direktoru olduğu YUĞ Dövlət Teatrı son vaxtlarmüxtəlif beynəlxalq teatr festivalında Azərbaycan incəsənətini layiqincə təmsil edir.



Nəzərə almaq lazımdır ki, YUĞ çətin şərtlər altında fəaliyyət göstərmək məcburiyyətində qalıb, paytaxtda aparılan tikinti və yenidənqurma işləri ilə bağlı olaraq öz binası söküldüyündən YUĞ başqa bir mədəniyyət ocağına - Dövlət Kukla Teatrının binasına sığınıb. İnanıram ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi tezliklə bu problemin həllinə bir çarə tapacaq və YUĞ uyğun bina ilə təmin olunacaq. 60 illiyi qeyd olunan günlərdə teatrın direktoruna, fədakar incəsənət xadiminə, bacarıqlı təşkilatçıya bundan gözəl hədiyyə ola bilməz.

Həmin anı görmək, teatr sahəsində daha böyük uğurlar əldə etmək üçün böyük həvəs və enerji ilə çalışmaq, ürək dolusu sevinmək lazımdır. Onda bir daha əmin olacaqsan ki, yaşamaq həqiqətən də çox gözəldir, yubilyar qardaşım!
Seçilən
0
reyting.az

1Mənbələr