BAKI, 7 may. TELEQRAF
"Meydan TV" işi üzrə saxlanılan jurnalist Ülviyyə Əli barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Teleqraf xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə Əli barəsində istintaq orqanının vəsatəti təmin olunub.
Qərara əsasən, Ülviyyə Əli barəsində 1 ay 29 gün həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Dekbarın 8-də Xətai rayon Məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirovun hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində fevralın 6-da 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre) saxlanılıb və bir gün sonra inun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və martın 1-də onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin həmin dövrdə yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.