AZ

İranda paytaxt banklarının enerjisi dayandırılıb

BAKI, TurkicWorld

Tehranda 700-ə yaxın bankın elektrik enerjisi kəsilib

TurkicWorld xəbər verir ki, İranın paytaxtı Tehranda enerjiyə qənaət tədbirləri çərçivəsində istehlak limitini aşdığı üçün 700-ə yaxın bank şöbəsinin elektrik enerjisi kəsilib.

İranın elektrik paylayıcı şirkəti “Tevanir”in baş direktoru Mustafa Rəcəbi Məşhədi dövlət televiziyasına açıqlamasında bildirib ki, enerji israfının qarşısını almaq məqsədilə müəyyən istehlak limitini aşan obyektlərə qarşı tədbirlər görülür. Onun sözlərinə görə, bu tətbiq ağıllı sayğaclar vasitəsilə həyata keçirilir və istifadə limitini aşan abunəçilərin elektrik enerjisi hər 20 dəqiqədən bir 1 saatlıq müddətə dayandırılır.

"Dünən Tehranda 700-ə yaxın bankın elektrik enerjisi istehlak həddini aşdığı üçün kəsilib" – deyə Məşhədi qeyd edib. O, həmçinin ölkədə elektrik enerjisinin ədalətli şəkildə bölgüsünü təmin etmək üçün yaşayış, ticarət və inzibati abunəçiləri enerji istifadəsində qənaətə riayət etməyə çağırıb.

Qeyd edək ki, dünyanın ən iri neft və qaz ehtiyatlarına sahib olan İran iqtisadi sanksiyalar, köhnəlmiş infrastruktur və artan enerji tələbatı səbəbindən ciddi enerji böhranı ilə üz-üzədir. Yay aylarında kondisionerlərdən geniş istifadə edilməsi bu tələbatı daha da artırır. Rəsmilər ölkə üzrə enerjiyə qənaət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Seçilən
0
50
turkic.world

10Mənbələr