Türkiyənin 2025-ci ilin birinci rübündə turizm gəlirləri açıqlanıb.
Hafta.az-ın yazdığına görə, Türkiyə bu ilin ilk üç ayında 8 milyon 844 min turist qəbul edib və ilin ilk 3 ayında turizmdən rekord məbləğdə – 9,5 milyard dollar gəlir götürüb.
Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə tarixində birinci rüb üzrə ən yaxşı nəticəni göstərib.
Ersoy qeyd edib: “BMT Turizm Təşkilatının məlumatlarına əsasən, Türkiyə 2024-cü ildə dünyanın dördüncü ən böyük gəlmə turizm bazarına çevrildi. Keçən il üçün 60 milyon beynəlxalq ziyarətçi qəbul etməyi hədəfləmişdik, amma ili 62,2 milyonla başa vuraraq yeni rekorda imza atdıq. 2025-ci ilin sonu üçün hədəfimiz 65 milyon ziyarətçi qəbul etmək və 64 milyard dollar həcmində turizm gəliri əldə etməkdir. Aprel və sonrakı dövrlər üçün gözləntilərimiz, həmçinin 2025-ci ilin ilk üç ayında turizm gəlirlərində müşahidə olunan 5,6 faizlik artım bu hədəflərə çatacağımızı təsdiqləyir”.
2025-ci ilin ilk üç ayında Türkiyəni 733 min iranlı, 601 min rus, 572 min alman, 560 min bolqar və 304 min britaniyalı vətəndaş ziyarət edib. Bu ziyarətçilər Türkiyədə orta hesabla 11 gecə qalıb və hər gecəyə təxminən 98,90 dollar xərcləyiblər.